Dövlət Gömrük Komitəsi "Caspian European Club" və "Caspian American Club"la əməkdaşlığı genişləndirir

Dövlət Gömrük Komitəsi "Caspian European Club" və "Caspian American Club"la əməkdaşlığı genişləndirir Bu gün komitə ilə iki qurumun biznes-forumu təşkil olunub
Biznes
25 Oktyabr , 2017 16:04
Dövlət Gömrük Komitəsi Caspian European Club və Caspian American Clubla əməkdaşlığı genişləndirir

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsi (DGK) ilə "Caspian European Club" və "Caspian American Club"un biznes-forumu təşkil olunub. 

“Report” xəbər verir ki, tədbirdə DGK-nın sədri Aydın Əliyev iştirak edib.

O, Azərbaycanda gömrük sahəsində son illər ərzində həyata keçirilən islahatlar barədə məlumat verib. 

“Caspian European Club” sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev isə təmsil etdiyi qurumun 2002-ci ilin iyun ayında Xəzər - Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını deyib. 

“Caspian European Club" Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, xarici investisiyanın cəlb olunmasında, kiçik və orta biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə, Klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır”, - deyə T.Əliyev qeyd edib. 

O həmçinin bildirib ki, ilin sonuna kimi "Caspian European Club" iqtisadiyyatın digər sahələrində də bir sıra analoji tədbirlər keçirəcək. Sədr müavininin sözlərinə görə, hazırda Gürcüstanda fəaliyyət göstərən "Caspian Energy Georgia" sentyabr ayından etibarən qonşu ölkənin ərazisində "Caspian European Club", "Caspian American Club" və "Caspian Energy International Media Group"un maraqlarını təmsil edir. 

O, oktyabrın 27-də Tblisidə keçiriləcək II "CEO Lunch"da Gürcüstanın baş nazirinin I müavini, maliyyə naziri Dmitri Kumsişvilinin və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun iştirak edəcəyini xatırladıb.

“Bunlardan əlavə, 2018-ci ilin martında "Caspian Energy Georgia"nın fəaliyyətinin yenilənməsi istiqamətində Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin "Caspian European Club"un dəstəyilə 5-ci Beynəlxalq “Caspian Energy Forum” təşkil olunacaq. Forumun açılışında Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin, bu ölkənin hökumətinin iqtisadi və energetika blokunu təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır”, - deyə T.Əliyev çıxışına yekun vurub.

Daha sonra DGK-nın məsul şəxsləri gömrük xidmətində son islahatlar - malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, “yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin və gömrük ödənişlərinin sadələşdirilməsi, gömrük sistemində risklərin idarəedilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, sənədləşmə prosesinin tam elektron formada həyata keçirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması, eləcə də informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və innovativ idarəetmə metodları ilə bağlı görülən işlər barədə təqdimatla çıxış ediblər.

Biznes-forum zamanı A.Əliyevə "Caspian European Club" və "Caspian American Club"un fəxri üzvlük sertifikatı təqdim olunub. 

İki saat davam edən biznes-forumda biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onların həlli ilə bağlı problem və təkliflər dinlənilib. Bizneslə DGK rəhbərliyi arasında baş tutmuş konstruktiv dialoq zamanı "Caspian European Club" və "Caspian American Club"un üzv şirkətlərinin xahiş və təkliflərinə operativ reaksiya verəcək birgə işçi komitəsi yaradılıb.

Biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyədən olan 150-dən çox biznesmen, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi