Yuxarı
    Bağlamaq

    DGK sədri BP-nin regional prezidenti ilə görüşüb

    Görüşdə iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması perspektivləri müzakirə edilib

    Bakı. 3 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

    Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açan komitə sədri bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

    Qəbula görə A.Əliyevə təşəkkür edən Q.Birrell, "Əsrin müqaviləsi"ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü deyib.

    O, ötən illər ərzində DGK ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs edərək qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan Q.Birrell gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə inandığını deyib.

    Görüşdə, həmçinin hər iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması məqsədilə gələcəkdə keçiriləcək, xüsusilə gömrük sahəsində təhsil alan tələbələrin iştirak etdiyi tədbir və proqramlarda qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi