Yuxarı

DGK-da ticarət və sərhədkeçmə prosedurlarının asanlaşdırılması məsələsi müzakirə edilib

Komitənin strukturuna daxil olan gömrük orqanlarının fəaliyyətin qiymətləndirilməsi struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə iclas keçirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi tərəfindən Komitənin strukturuna daxil olan gömrük orqanlarının fəaliyyətin qiymətləndirilməsi struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə iclas keçirilib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

İclasa Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi, eləcə də Astara, Balakən, Biləsuvar, Gəncə, Şirvan, Tovuz, Xaçmaz və Yevlax gömrük idarələri, Enerji Gömrük İdarəsi, Xudafərin Gömrük İdarəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları qatılıb.

Tədbirin əsas məqsədi gömrük əməkdaşlarının üzləşdiyi problemləri müzakirə etmək, onların həlli yollarını müəyyənləşdirmək, bununla da xarici iqtisadi fəaliyyət iştirakçılarına və vətəndaşlara göstərilən gömrük xidmətlərinin daha çevik və şəffaf təşkilini təmin etmək olub.

İclasda çıxış edən DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində tətbiq olunan ən son yeniliklər, ticarət və sərhədkeçmə prosedurlarının asanlaşdırılması məqsədilə gömrük orqanlarında biznes-prosesin təhlili və təkmilləşdirilməsi metodikası, xarici iqtisadi operatorlarla əməkdaşlığın inkişaf etdirilməsi yolları, gömrük bəyannamələrinin tərtib edilməsi zamanı baş verən səhvlər, həmçinin gömrük orqanlarıvə gömrük əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi problemləri ətrafında interaktiv müzakirələr aparıb.

Müzakirələr zamanı gömrük əməkdaşlarının təklifləri nəzərə alınıb və müvafiq qərarlar qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi