DGK beynəlxalq aləmə inteqrasiyanı davam etdirir - İCMAL

DGK beynəlxalq aləmə inteqrasiyanı davam etdirir - İCMAL Bakı. 14 iyul. REPORT.AZ/ Son illər Azərbaycanda gömrük sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülüb, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, gömrük işini nizamlayan qanunvericilik bazası gücləndirilib.
Biznes
14 İyul , 2018 15:24
DGK beynəlxalq aləmə inteqrasiyanı davam etdirir - İCMAL
Report

Bakı. 14 iyul. REPORT.AZ/ Son illər Azərbaycanda gömrük sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülüb, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, gömrük işini nizamlayan qanunvericilik bazası gücləndirilib.

"Report" xəbər verir ki, ticarət əlaqələrinin genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması, Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsi Azərbaycan gömrük qanunvericiliyinin təkmilləşdirilməsi üçün yeni Gömrük Məcəlləsinin qəbulunu zəruri edib. Azərbaycan gömrük qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Avropa İttifaqının (Aİ) Yeni Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının “Azərbaycan gömrük xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı müddəalarının yerinə yetirilməsi, həmçinin “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyanın (dəyişdirilmiş redaksiyada) müddəalarının və Ümumdünya Gömrük Təşkilatının Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə Çərçivə Standartlarının milli gömrük qanunvericiliyində əks olunması üçün Dövlət Gömrük Komitəsində (DGK) Aİ və Birləşmiş Millətlər Təşkilatının (MBT) İnkişaf Proqramının birgə həyata keçirdiyi “Gömrük xidmətinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq ekspertlər və DGK-nın nümayəndələri yeni Gömrük Məcəlləsini hazırlayıb və beynəlxalq standartlara tam cavab verən Məcəlləsi 2012-ci il yanvarın 1-dən qüvvəyə minib.

Bundan başqa, DGK Ümumdünya Gömrük Təşkilatının alətlərini, sənədlərini və tövsiyələrini, eləcə də Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatların sənədlərini və normativ-hüquqi aktlarını öz işində istifadə edir və gələcəkdə ən yaxşı dünya təcrübəsindən istifadə etməklə, yarana biləcək ehtiyacları təmin etmək məqsədilə bu istiqamətdə işlərin davam etdirilməsini nəzərdə tutur.

Azərbaycan dünyada ÜGT-yə yeganə üzv ölkədir ki, burada eyni zamanda ÜGT-nin 4 regional strukturu mövcuddur

Bu gün Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, Regional Kinoloji Təlim Mərkəzi və Konteyner və Karqo üzrə Təlim Mərkəzi fəaliyyət göstərir. Azərbaycan dünyada ÜGT-yə yeganə üzv ölkədir ki, burada eyni zamanda ÜGT-nin 4 regional strukturu mövcuddur. Bundan əlavə, Bakı şəhərində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı Regional Ofisi də açılıb. Adıçəkilən regional qurumlarda təşkil edilən milli, regional və beynəlxalq tədbirlər Azərbaycan gömrük xidmətinin əməkdaşları və DGL-nın Akademiyasının tələbələri ilə yanaşı, regionun gömrük idarələrinin əməkdaşlarının potensialının gücləndirilməsinə və beləcə, gömrük idarələrinin inkişafına öz töhfəsini verir. “Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində ilk olaraq milli iqtisadiyyatın inkişafı zəminində yaranan yeni tələblər, beynəlxalq iqtisadi inteqrasiya və qloballaşma proseslərinin gücləndiyi dövrdə gündəmə gələn beynəlxalq normaların tətbiqi zərurəti ilə əlaqədar 2008-ci ildə yeni Gömrük Məcəlləsi layihəsinin hazırlanması işinə başlanılıb və 24 iyun 2011-ci ildə qəbul olunub.

Gömrük sistemində “bir pəncərə” prinsipi daha da təkmilləşdirilib

2009-cu ildə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) ilkin mərhələsi olan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması və təyinat gömrük orqanlarına çatdırılmasına elektron nəzarət sistemi işlənilib və sistemin bütün gömrük orqanlarında sənaye istismarı təmin edilib.

Gömrük sistemində həyata keçirilən islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi daha da təkmilləşdirilib.

Avtomobil yolları ilə daşınan mallara nəzarət etmək üçün Azərbaycanın bütün gömrük-sərhəd buraxılış məntəqələrində “Sərhədkeçmə vaxtının ölçülməsi (TRS)” layihəsi tətbiq edilib, eləcə də VAİS bu sistemə uyğunlaşdırılıb. Ümumdünya Gömrük Təşkilatının “Malların buraxılış vaxtının ölçülməsi üzrə Təlimat”ında təsbit olunmuş metodologiya əsasında hazırlanan layihənin tətbiqi mal və nəqliyyat vastələrinin sərhəddən keçidinə, buraxılışına və sərhəd keçidindən buraxılışına qədər keçən vaxtları müəyyən etməyə imkan verir və toplanan statistik məlumatların təhlili əsasında mal və nəqliyyat vasitələrinin sərhəd keçidinin daha keyfiyyətli idarə olunması təmin edilir.

“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə təmin edilib. Belə ki, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi nəticəsində gömrük nəzarəti sürətli qaydada həyata keçirilir və gömrük bəyannamələrinin verilməsi ilə bağlı vaxt və məsrəflər azaldılır.

2018-ci ilin mayında Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı Bakıda keçirilib. DGK Səlahiyyətli İqtisadi Operator proqramının Azərbaycanda daha da genişləndirilməsi və möhkəmləndirilməsində marağını bu konfransda imzaladığı Fəaliyyət Planına dair protokolla bir daha ortaya qoyub.

Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Günümüzdə Azərbaycan dövlət büdcəsinin formalaşmasında DGK-nın rolu mühüm dərəcədə artıb, gömrük işinin iqtisadi göstəriciləri xeyli yüksəlib.

Bu gün Azərbaycan gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. DGK eyni zamanda hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

ÜGT-nin Azərbaycanı seçilməsinin səbəbi gömrük xidmətinin əldə etdiyi nailiyyətlərdir

2009-cu ilin noyabrın 11-də DGK və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Bakıda Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb, ölkə prezidentinin 15 mart 2010-cu il tarixli, 798 nömrəli sərəncamı ilə təsdiq edilib. Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi 17 oktyabr 2011-ci il tarixdə Bakıda açılıb. ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyəti üçün Azərbaycanın seçilməsinin səbəbləri ilk növbədə ölkə rəhbərliyinin gömrük xidmətinə göstərdiyi diqqət və eyni zamanda, gömrük xidmətinin əldə etdiyi nailiyyətlərdir. Belə ki, bir çox dövlətlər, o cümlədən Aİ-na daxil olan dövlətlər bu ofisin öz ölkələrində tikilməsini istəmişlər. Lakin, sonda məsələ Azərbaycanın xeyrinə həll olunub, hətta aparılmış təbliğat-təşviqat işləri nəticəsində Ermənistan da buna qarşı çıxmayıb. Beləliklə, ofisin Azərbaycanda yaradılmasına 174 ölkə səs vermiş və ÜGT-nin əhatə etdiyi 6 regiondan birinin fəaliyyətinin Bakıdan koordinasiya edilməsi qərara alınıb. Bu ofis ÜGT-nin ən böyük regional ofisi olmaqla, onun 53 üzvünün gömrük xidmətini əhatə edir.

Potensialın Gücləndirilməsi Strategiyasının regional səviyyədə icrası istiqamətində ÜGT təşəbbüsü olan PGRO Avropa regionunda potensialın gücləndirilməsi mərkəzi olmaqla, regionun gömrük işi sahəsində potensialın gücləndirilməsi fəaliyyətlərini planlamaq və koordinasiya etmək, ÜGT alətlərində əksini tapmış beynəlxalq gömrük və ticarət standartlarının tətbiqinə dəstək olmaq, regional təlim mərkəzlərinin fəaliyyətini koordinasiya etmək, regionun maraqlı tərəfləri ilə tərəfdaşlıq qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq, üzvlər arasında ümumi maraq kəsb edən məsələləri müəyyənləşdirmək və bu məqsədlə seminar, təlim və məsləhətləşmələr təşkil etmək, inkişaf layihələri yaratmaq, mütəmadi olaraq üzvlərin inkişaf templərini qiymətləndirmək, potensialın gücləndirilməsi ilə bağlı region üzvlərinin gömrük idarələrinin ehtiyaclarını müəyyənləşdirmək və mümkün həlləri təklif etmək, həmçinin region üzvləri ilə ÜGT Katibliyi arasında potensialın gücləndirilməsi təşəbbüslərini əlaqələndirmək kimi fəaliyyətləri həyata keçirir.

DGK Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində çoxlu sayda regional və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil edərək keçirib.

Sınıq Körpü sərhəd-keçid məntəqəsində inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına öz töhfəsini verəcək

Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, müvafiq sərhəd-keçid məntəqələrini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etmək məqsədilə Aİ-nın maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, DGK və Gürcüstan Gəlirlər Xidməti tərəfindən birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində Sınıq Körpü sərhəd-keçid məntəqəsində Ticarətin Asanlaşdırılması Mərkəzi inşa edilməkdədir. Bu layihə iki ölkə arasında ticarəti daha da asanlaşdırmaq və sürətləndirməklə yanaşı, gömrük prosedurlarının uyğunlaşdırılmış şəkildə həyata keçirilməsinə, daha effektiv və səmərəli iş mühitinin formalaşmasına və nəticə etibarilə iki ölkə arasında ticarət dövriyyəsinin artmasına öz töhfəsini verəcək.

MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası gömrük işi sahəsində MDB üzv dövlətlərin gömrük xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsi, çoxtərəfli gömrük əməkdaşlığının genişləndirilməsi məqsədilə yaradılıb. Şuranın fəaliyyəti dövründə 20-dən artıq hökumətlərarası sənəd hazırlanıb, 17 qurumlararası müqavilə imzalanıb ki, bunlardan ən vacibi kimi 15 aprel 1994-cü il tarixli “Gömrük işi sahəsində əməkdaşlıq haqqında Saziş”i qeyd etmək olar. Şura çərçivəsində baxılan ən vacib məsələlərdən biri də Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına edilən əlavə və dəyişiklərdir. “Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətinin vahid mal nomenklaturası haqqında” 3 noyabr 1995-ci il tarixli Sazişə müvafiq olaraq, MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətinin vahid mal nomenklaturasının 14 iyul 1983-cü il tarixli “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya uyğunlaşdırılması üzrə qərarlar qəbul edir.

Bu il Şuranın 25 illik yubileyi qeyd olunur. Şura sistemli şəkildə fəaliyyət göstərir, gömrük xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsi sahəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. 

Yazı DGK və Mətbuat Şurasının birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə "Azərbaycan gömrüyü beynəlxalq gömrük ailəsinin etibarlı tərəfdaşı kimi" mövzusuna təqdim edilir. 

Son xəbərlər

Orphus sistemi