Yuxarı
    Bağlamaq

    "Deloitte Azerbaijan"ın rəhbəri "AmCham"ın yeni prezidenti seçilib

    Bakıda Azərbaycanda Amerika Ticarət Palatasının illik iclası keçirilib

    Bakı. 27 fevral. REPORT.AZ/ Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) illik iclası çərçivəsində Palatanın prezidenti və Direktorlar Şurasının yeni üzvləri seçilib. 

    “Report” xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən "AmCham”ın icraçı direktoru Natəvan Məmmədova daha sonra Direktorlar Şurasına namizədləri təqdim edib və onları öz platformaları ilə çıxış etmək üçün dəvət edib.

    Direktorlar Şurasının cari statusuna əsasən, 10 yerdən 6 vakant yer mövcud olub. “Baker McKenzie”nin idarəedici partnyoru Gündüz Kərimovun təlimatından sonra seçkilər baş tutub və nəticədə Direktorlar Şurasının 6 yeni üzvü seçilib. Namizədlər "KPMG Azerbaijan" şirkətinin idarəedici partnyoru Vüqar Əliyev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “PAŞA Bank”ın İdarə Heyətinin sədri və icraçı direktoru Taleh Kazımov, “Landmark” biznes mərkəzinin biznes əməliyyatları üzrə direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu, “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri Əsəd Şirinov və “Ernst & Young Azerbaijan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyev olub.

    İclas çərçivəsində prezident seçkilərinin nəticəsinə əsasən, “Deloitte Azerbaijan” şirkətinin idarəedici partnyoru Nuran Kərimov Azərbaycanda “AmCham”ın yeni prezidenti seçilib.

    Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən "AmCham" ölkədə xarici investisiyaların 80%-ni təmsil edən 260 üzv şirkətdən ibarətdir və hazırda dövlət və özəl sektor arasında körpü rolunu oynayaraq aidiyyəti dövlət qurumları ilə davamlı konstruktiv və nəticə-əsaslı dialoqlar aparır. Palata üzv şirkətlərin biznes maraqlarını təşviq edir və Azərbaycanın biznes iqliminin inkişafında xüsusi rol oynayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi