Yuxarı

Dekabrda Azərbaycan Prezidentinə "İlin islahatçısı" nominasiyasında mükafat təqdim ediləcək

Təqdimat Bakıda keçiriləcək IV Beynəlxalq Caspian Energy Forum-2016 çərçivəsində baş tutacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ Dekabrın 7-də Bakıda keçiriləcək IV Beynəlxalq Xəzər Enerji Forumunda (Caspian Energy Forum-2016) iştirak etmək üçün 15 ölkədən 200-dən artıq nümayəndə qeydiyyatdan keçib. Bu barədə “Report”a tədbirin əsas təşkilatçısı olan "Caspian European Club"dan bildirilib.

Məlumata görə, tədbirdə Azərbaycan, Xəzər-Qara dəniz və Baltika regionu ölkələrinin dövlət strukturları, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, həmçinin iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcəklər.

“Caspian European Club”un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, forum üç sessiyadan ibarət olacaq.

“İqtisadi islahatlar-2016. İlkin nəticələr” adlı birinci sessiya “Dünya bazarlarında böhran şəraitində iqtisadiyyatın inkişaf perspektivləri, iqtisadiyyatda islahatlar”, “Özəl sektorun stimullaşdırılması yolları və ixracyönümlü sahələrin inkişafı” kimi mövzuları əhatə edəcək.

“Əsas layihələr. Azərbaycanın enerji sektorunun investisiya cazibədarlığı” adlı ikinci sessiya çərçivəsində “Xəzərin Azərbaycan sektorunun əsas yataqları. Perspektivli sahələrin kəşfinin ilkin nəticələri”, "Downstream" sahəsində əsas ixracyönümlü layihələr”, “Bərpa edilən enerji, külək elektrik stansiyaları, termal günəş stansiyaları, geotermal və hidroenerji layihələri” kimi bir sıra məruzələr təqdim olunacaq.

“İnkişafın xammal modelindən ixracyönümlü modelinə keçid” adlı üçüncü sessiya çərçivəsində də bir sıra məruzələr nəzərdən keçiriləcək. Həmin məruzələr “Sənaye parklarının inkişafı, Azərbaycan iqtisadiyyatının investisiya cazibədarlığı”, “Stimullaşdırma ilə bağlı vergi tədbirləri”, “Azərbaycanda kiçik və orta biznesin inkişafı – iqtisadiyyatın rəqabətə davamlılığının əsası”, “Azərbaycan və Aİ arasında strateji partnyorluq barədə saziş - əməkdaşlığın institusional perspektivləri, Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsipləri”, “Maliyyə sabitliyi – iqtisadiyyatın aparıcı sahələrinin investisiya cazibədarlığının əsası”, “Bank sektorunun rəqabətə davamlılığı, açıq iqtisadiyyatın əsasları”, “Aparıcı nəqliyyat layihələri – Şimal-Cənub və “Bir qütb – bir yol – Böyük İpək Yolu”, onların həyata keçirilmə mərhələləri”, “Pekinlə London arasında – birləşmə, hab, tarif siyasəti, perspektivli yük axını”, “Bakı-Tbilisi-Qars magistralının işə salınması, layihənin perspektivləri” mövzularını əhatə edəcək.

Qeyd olunur ki, "Caspian Energy Forum-2016"-ın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti, "Caspian European Club"un (Caspian Business Club) sədri, dövlət başçısı İlham Əliyevə “İlin islahatçısı” nominasiyasında “Beynəlxalq Caspian Energy Award” mükafatı tədqim olunacaq.

“Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə “Caspian Energy”nin oxucu auditoriyasına – siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. “Caspian Energy Award” beynəlxalq mükafatı "Caspian European Club" (Caspian Business Club) və "Caspian Energy International Media Group"un dəstəyi ilə təşkil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi