Bakı. 17 noyabr. REPORT.AZ/ Azad ticarət haqqında saziş bağlamaq niyyətinə dair memorandumu Avstraliyanın ticarət və investisiyalar naziri Endryu Robb və Çinin kommersiya naziri Qao Xuçen imzalayıblar. "Report" xarici mətbuata istinadən xəbər verir ki, sənədə əsasən, Avstraliya tədricən Çindən idxal olunan bütün mallara tarifləri ləğv edəcək, Çin isə öz növbəsində Avstraliyadan idxal olunan "əksər mallar" üçün tarifləri ləğv edəcək.
Tərəflər Sidneydə klirinq əməliyyatlarının həyata keçirilməsi haqqında razılığa gəliblər.
Saziş Avstraliyaya gömrük rüsumu ödəmədən Çin üçün nəzərdə tutulan mallar və xidmətlərin 83%-ni ixrac etməyə imkan verəcək. 4 il ərzində bu göstəricinin 93%-ə, 10 ildən sonra isə - 95%-ə qədər çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, noyabr ayının 17-də Çinin sədri Si Tszinpin və Avstraliyanın baş naziri Toni Ebbott həmçinin böyük strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu elan ediblər.