Yuxarı

​Çexiyada “Business Day Azerbaijan” adlı tədbir təşkil edilib

Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev iştirak edib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev fevralın 10-da bu ölkənin Olomouts regionuna səfəri çərçivəsində Palatski Universitetinin rektoru Yaroslav Millerlə görüşüb.

"Report" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı azərbaycanlı tələbələrin Palatski Universitetində təhsil alması, o cümlədən bu təhsil müəssisəsi ilə elmi və tədqiqat mübadilə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə edilib.

Olomouts regionu və Gəncə şəhəri arasında mövcud olan əməkdaşlıq əlqələrindən çıxış edərək, 2012-ci ildən etibarən azərbaycanlı tələbələr Palaçki Universitetinin nəzdində təşkil edilən Çex dili üzrə yay məktəbində iştirak edirlər.

Səfir Fərid Şəfiyev Çexiyanın Zlin regionuna səfəri çərçivəsində 11 fevral 2015-ci il tarixində region rəhbərliyi və Ticarət Palatası tərəfindən Zlin şəhərində təşkil edilmiş “Business Day Azerbaijan” adlı tədbirdə iştirak edib.

Tədbirin açılışında Zlin regionunun qubernator müavini Yaroslav Drozd sözügedən görüşün sahibkarlığa dəstək məqsədi daşıdığını bildirib və Azərbaycanın mühüm iqtisadi tərəfdaş kimi rolunu xüsusilə qeyd edib.

Səfir F.Şəfiyev çıxışında ölkəmizdə aparılan islahatlar, əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycan-Çexiya münasibətləri haqqında ətraflı məlumat verib. Bununla yanaşı, Azərbaycanda investisiya və biznes imkanları barədə bəhs edib.

Eyni zamanda, Çexiya sənaye və ticarət nazirinin müşaviri Milan Hovorka, həmin nazirliyin 1-ci Xarici İqtisadi siyasət şöbəsinin direktoru Martin Pospişil, habelə Çexiya Xarici İşlər Nazirliyinin Qərbi və Şimali Avropa ölkələri bölməsinin nümayəndəsi, Azərbaycanda keçmiş səfir olmuş Radek Matula çıxışlarında ölkələrimiz arasında ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələrin müxtəlif cəhətlərinə diqqət yetirib və Azərbaycanın regionda vacib tərəfdaş olduğunu qeyd ediblər.

Görüş əsnasında Çexiya İxracatın zəmanəti və sığortası cəmiyyətinin (EGAP) və Çexiya İxrac Bankının (ÇEB) nümayəndələri çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi