“Caspian European Club”un yeni İdarə Heyətinin ilk toplantısı keçirilib

“Caspian European Club”un yeni İdarə Heyətinin ilk toplantısı keçirilib Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıda “Caspian European Club”un İdarə Heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib.
Biznes
13 Dekabr , 2017 17:48
“Caspian European Club”un yeni İdarə Heyətinin ilk toplantısı keçirilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıda “Caspian European Club”un İdarə Heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib.

“Report” xəbər verir ki, iclasda “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev “Caspian European Club”un yeni baş icraçı direktoru Mustafa Abbasbəylini təqdim edib. 

İclasa sədrlik edən M.Abbasbəyli İdarə Heyətinin yeni üzvlərini seçilmələri münasibətilə təbrik edib və onlara klubdakı gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İdarə Heyətinə seçkilər noyabrın 15-də “Caspian Energy Forum”un səhiyyəyə həsr olunmuş xüsusi sessiyasında (Caspian Energy Medical Forum) keçirilib. Səsvermə hüququna yalnız “Caspian European Club”un üzvləri sahib olublar. 50-dən artıq səs toplamış hər bir namizəd “Caspian European Club”un İdarə Heyətinin tərkibinə daxil olmaq imkanı əldə edib.

Toplantı zamanı M.Abbasbəyli 2018-ci ilin sonuna kimi həyata keçirilməsi vacib olan prioritetlərdən, yeni layihələrdən və qarşıya qoyulmuş vəzifələrdən danışıb.

İclasda “Caspian European Club”a daxil olmağın yenilənmiş şərtləri diqqətə çatdırılıb, komitədəki sahə klublarının təzə adları açıqlanıb, yeni komitə rəhbərləri təyin edilib, həmçinin klubun İdarə Heyətinin nizamnaməsi təsdiqlənib. “İşçi komitə rəhbərlərinin sədrliyi ilə ayda iki dəfə dəyirmi masa formatında Klubun iclası keçiriləcək. Bu görüşlər çərçivəsində idarə heyətinin üzvləri sözügedən sahələrin şirkətlərinin üzləşdikləri problemlər və onların mümkün həlli yolları barədə danışacaqlar”, - deyə “Caspian European Club”un baş icraçı direktoru məlumat verib.

“Bu il dekabrın 15-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun iştirakı ilə birinci Azərbaycan-Gürcüstan biznes-forumu təşkil olunacaq. Eyni zamanda dekabrın 20-də ABŞ-ın Azərbaycan səfiri Robert Sekutanın iştirakı ilə IX "CEO Lunch Baku" keçiriləcək”, – deyə M.Abbasbəyli əlavə edib.

“Caspian European Club”un tərkibinə daxil olan işçi komitələrin rəhbərləri aşağıdakı şəxslərdir: Aydın Rəhmanov (İnvestisiya və tikinti Komitəsi), Nəriman Məmmədov (Energetika və sənaye Komitəsi), Rəşad Abbasov (Nəqliyyat Komitəsi), Elşən Rəhimov (Turizm Komitəsi), Cabir Cümşüdov (İKT Komitəsi), İlqar Nuri (Aqrar-sənaye Komitəsi), Avni Dəmirçi (Bankçılıq və maliyyə Komitəsi), Anar Bayramov (Sığorta Komitəsi), Vüqar Eyvazov (Tibb Komitəsi), Səbinə Əliyeva (Təhsil Komitəsi), Samir Hacıyev (Hüquq Komitəsi), Elqar Bağırov ( Kiçik və orta sahibkarlıq Komitəsi).

Son xəbərlər

Orphus sistemi