"Caspian European Club" sentyabrda keçiriləcək tədbirlər proqramını açıqlayıb

"Caspian European Club" sentyabrda keçiriləcək tədbirlər proqramını açıqlayıb Sentyabrın 7-də SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədovun iştirakı ilə biznes-forum təşkil olunacaq
Biznes
23 Avqust , 2016 11:20
Caspian European Club sentyabrda keçiriləcək tədbirlər proqramını açıqlayıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu ilin sentyabr ayında “Caspian European Club” (Caspian Business Club, CEIBC) çərçivəsində dövlət strukturları və biznes rəhbərlərinin iştirakı ilə Bakıda bir sıra biznes-forumların keçirilməsi planlaşdırılır. Bu barədə “Report”a klubdan məlumat verilib.

CEIBC sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, Azərbaycan Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevin rəhbərliyi ilə biznes və investisiya mühitinin yaxşılaşdırılması, biznes-hökumət dialoqunun fəallaşması üzrə aparılan islahatlar çərçivəsində bu proseslərin sürətlənməsinə şərait yaradan və əksəriyyəti müsbət nəticə verən xeyli tədbirlər təşkil olunur.

“Biznesə göstərdiyi dəstəyə görə, dövlət başçısına minnətdarıq və 15 ildir bu prosesin fəal iştirakçısı olduğumuzdan xeyli məmnunuq. Hazırda “Caspian European Club”un bütün sahə klubları və işçi komitələri iqtisadiyyatın müxtəlif sahələrində biznes üzrə problem və təkliflərin tədqiqinin nəticəsi əsasında hesabat hazırlayır. Həmin hesabatlar şəxsən Azərbaycan Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevə təqdim olunacaq”, - deyə T.Əliyev qeyd edib.

Onun sözlərinə görə, 2016-cı ilin sentyabrından dekabradək dövrü əhatə edən mərhələdə nazirlik və dövlət qurumlarının başçıları, şirkət və təşkilat rəhbərlərinin iştirakı ilə sıx tədbirlər, biznes-forum və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Xüsusilə sentyabrda “Caspian European Club” çərçivəsində dövlət qurumlarının və biznes rəhbərlərinin iştirakı ilə biznes-forumların təşkili planlaşdırılır.

T.Əliyevin sözlərinə görə, sentyabrın 7-də "Caspian Business Club" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun iştirakı ilə biznes-forum təşkil olunacaq.

Daha sonra, sentyabrın 16-da “Barattson School of Business and Finance” tədris mərkəzinin banisi və direktoru Elşən Rəhimov “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 15 – müştərilərlə müqavilələrdən əldə edilən gəlirlər” mövzusunda seminar keçirəcək.

T.Əliyevin sözlərinə görə, həmin tədbir zamanı “Caspian European Club”un sentyabrın 13-də başa çatacaq İdarə Heyətinə seçkilərin nəticələri də elan ediləcək. Səsvermənin yekununa əsasən, İdarə Heyətinə yeni seçilmiş üzvlərdən sahə klubları və işçi komitələrin rəhbərliyi formalaşdırılacaq.

Sentyabrın 21-də isə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunacaq.

Qeyd edək ki, 2016-cı ilin sonunadək vergilər naziri Fazil Məmmədov, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və digərlərinin iştirakı ilə biznes-forum və dəyirmi masaların təşkili planlaşdırılır.

T.Əliyevin bildirdiyinə görə, "Caspian Business Club" çərçivəsində keçiriləcək biznes-forumlar dövlət qurumları ilə özəl sektor arasında əlaqələrin təşkilinə kömək edəcək ki, bu da öz növbəsində sahibkarların gündəlik fəaliyyətlərindəki problemlərinin tez bir zamanda həllinə səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi