Yuxarı
    Bağlamaq

    "Caspian Euopean Club"un tədbirlər planı təsdiqlənib

    Təsdiqlənmiş proqrama müvafiq olaraq, hər ayın üçüncü çərşənbə günü CEO Lunch keçiriləcək

    Bakı. 7 fevral. REPORT.AZ/ "Caspian European Club" (Caspian Business Club) və "Caspian American Club"un İdarə Heyəti tərəfindən 2017-ci ilin tədbirlər planı təsdiqlənib və rəsmi saytda (www.caspianenergy.org) dərc olunub. 

    "Report" xəbər verir ki, bu barədə "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini, baş icraçı direktor Telman Əliyev məlumat verib.

    O qeyd edib ki, təsdiqlənmiş proqrama müvafiq olaraq, hər ayın üçüncü çərşənbə günü "CEO Lunch" keçiriləcək. "CEO Lunch" çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının başçıları, diplomatik nümayəndəliklərin rəhbərləri, CEİBC-nin üzv şirkətlərinin top-menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil olunacaq. İlk "CEO Lunch" fevralın 15-də keçiriləcək.

    T.Əliyev bildirib ki, "Caspian Energy Forum" çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə xüsusi sessiyalar keçiriləcək: "Mənzil inşasına həsr olunmuş birinci sessiya martın 1-də Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinim direktoru Samir Nuriyevin iştirakı ilə təşkil olunacaq".

    Onun sözlərinə görə, CEİBC-nin üzv şirkətləri üçün bu il ilk dəfə olaraq martın 15-də və dekabrın 20-də müvafiq olaraq "Novruz  Party" və "New Year Party" təşkil ediləcək. Eyni zamanda, "Summer Weekend" çərçivəsində qolf üzrə "Caspian Energy Cup", "Caspian Energy Short Film Festival", həmçinin radioidarəedilən təyyarə və avtomobillər arasında "Caspian Energy Qran-pri"nin keçirilməsi planlaşdırılır.

    T.Əliyev həmçinin qeyd edib ki, CEİBC-nin üzv şirkətləri üçün vergi, gömrük, əmək və miqrasiya hüququ, marketinq, brend-menecment, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, HR, korporativ idarəetmə və inkişafın digər istiqamətləri üzrə hər ay ödənişsiz seminarlar təşkil olunacaq. Növbəti seminar “Şirkətin məqsədləri və insan resurslarının strateji rolu” mövzusunda “Barattson School of Business and Finance” tədris mərkəzinin nümayəndəsi Orxan İsayev tərəfindən fevralın 22-də keçiriləcək.

    Klubun 15 illik yubileyi və "Caspian Energy" jurnalının 100-cü yubiley nömrəsinin çapı ərəfəsinə təsadüf edən IV "Beynəlxalq Caspian Energy Forum Baku-2017" çərçivəsində xeyli sayda əcnəbi spikerlərin iştirakı gözlənilir.Hazırda dünyanın 17 ölkəsindən 300 nümayəndə qeydiyyatdan keçib. Forumun bu il aprelin 12-də keçiriləcək açılış mərasimində Azərbaycan  Prezidenti, "Caspian European Club"  (Caspian Business Club) və "Caspian American Club"un sədri İlham Əliyevə “İlin islahatçısı” nominasiyasında "Caspian Energy Award" mükafatı təqdim olunacaq.

    "Biznes-hökumət dialoqunun təşkili üzrə ənənəvi biznes-forumların və dəyirmi masaların təşkili ilə bağlı iş canlandırılacaq. Forumların işi zamanı CEİBC-nin üzv şirkətlərinin top-menecerləri, hökumətin iqtisadi blokunu təmsil edən sahə nazirliklərinin və qurumlarının rəhbərləri biznes və investisiya mühitinin gələcəkdə də yaxşılaşmasına yardım edəcək problem, təklif və sualları müzakirə edəcəklər", - deyə T.Əliyev əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi