​Bu il Azərbaycanda 26 mln. manatlıq vergi cinayətləri aşkar edilib

​Bu il Azərbaycanda 26 mln. manatlıq vergi cinayətləri aşkar edilib İstintaqı tamamlanmış cinayət işlərindən 71 iş 83 nəfər şəxs barəsində ittiham aktı ilə aidiyyəti üzrə baxılmaq üçün məhkəmələrə göndərilib
Biznes
7 İyul , 2015 11:49
​Bu il Azərbaycanda 26 mln. manatlıq vergi cinayətləri aşkar edilib

Bakı. 7 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 998 sayda cinayət işi başlanıb. Bu barədə "Report"a Nazirliyin analitik informasiya şöbəsindən məlumat verilib.

Bu cinayət işlərindən 203-ü vergi ödəməkdən yayınma və 134-ü külli miqdarda gəlir əldə etməklə vergidən yayınma olmaqla qanunsuz sahibkarlıq faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair, 769-u vergi borcunun ödənilməməsi, 25-i operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında, 1-i isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş materiallar üzrə başlanıb.

Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çox, yəni 26,367 mln. manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

İstintaqı tamamlanmış cinayət işlərindən 71 iş 83 nəfər şəxs barəsində ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Departamentin İstintaq İdarəsində 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox yəni 385 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 37 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İcraatına xitam verilmiş 314 cinayət işindən 273 iş üzrə bır sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib ki, onlardan 44 iş üzrə külli miqdarda vəsait mənimsənməsinə görədir.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 24 nəfər şəxs tutularaq Departamentin İstintaq İdarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 164 şəxsin məcburi qaydada gətirilməsi, 192 şəxsin tapılaraq istintaqa gəlmələri, 218 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 149 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunduğu deyilir. 

Son xəbərlər

Orphus sistemi