​Bu il SKMF sahibkarlara 97 mln. manat güzəştli kredit verib

​Bu il SKMF sahibkarlara 97 mln. manat güzəştli kredit verib Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il maliyyələşdirilmiş layihələrin sayı 13% artıb
Biznes
2 İyul , 2015 13:46
​Bu il SKMF sahibkarlara 97 mln. manat güzəştli kredit verib

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qəbələ rayonunun Vəndam kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatlar verilib, Qəbələdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi forumda ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, tərəvəzçilik, taxılçılıq, balıqçılıq və arıçılıq təsərrüfatlarının, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin birinci yarısı ərzində 2 972 sahibkara 97 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 600-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il maliyyələşdirilmiş layihələrin sayı 13% artıb. Bu dövrdə güzəştli kreditlərin 86,2%-i aqrar sektorun, 13,8%-i müxtəlif sənaye və digər sahələrin inkişafına verilib. Kreditlərin 73,5%-i regionların payına düşür.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 810 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,9 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı komplekslərinin, cins iri heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması kimi sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8 800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Qəbələ və ətraf rayonlardan olan 52 sahibkara 693 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, üzümçülük kimi sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Qəbələ rayonunun Böyük Əmili kəndində güzəştli kredit ayrılıb ildə 2,2 min ton quş əti istehsal etmək gücündə olan müəssisəyə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi