Bu il Bakıda bir sıra beynəlxalq sərgi keçiriləcək

Bu il Bakıda bir sıra beynəlxalq sərgi keçiriləcək “Caspian Event Organisers” şirkətinin 2016-cı il sərgi təqviminə səkkiz tədbir daxildir
Biznes
1 Mart , 2016 20:37
Bu il Bakıda bir sıra beynəlxalq sərgi keçiriləcək

Bakı. 1 mart. REPORT.AZ/ “Caspian Event Organisers” şirkətinin 2016-cı il sərgi təqviminə səkkiz tədbir daxildir. Həmçinin, “CEO” şirkəti bu il bir sıra beynəlxalq tədbirlərin təşkilində də iştirak edəcək və ilk belə tədbir 14-16 aprel 2016-cı il tarixində keçiriləcək su texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərin nümayişi üzrə Xəzər regionunun yeganə ixtisaslaşmış tədbiri olan 3-cü Xəzər Beynəlxalq Su Texnologiyaları “CATEC 2016” sərgisidir. Sözügedən sərgi Azərbaycan Respublikasının milli su operatoru “AZƏRSU” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq. Bu, şirkətdən "Report"a daxil olan məlumatda bildirilir. 

19-21 may tarixində isə Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” sərgisi öz onillik yubileyini qeyd edəcək. Yarandığı gündən etibarən  Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro” sərgisinə yaxından dəstək göstərir. Keçirildiyi illər ərzində sərgi özünü mütəxəssislərin illik görüşü ilə yanaşı, kənd təsərrüfatı sektoruna aid texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi üçün də istifadə olunan platforma kimi doğrulda bilmişdir. Artıq bir neçə ildir kənd təsərrüfatına aid məhsul və avadanlıqların istehsalçı və distribyutorları bu sərgiyə böyük maraq göstərirlər. Bununla əlaqədar olaraq, sərgi bu il “Elektron kənd təsərrüfatı” və “Laboratoriya avadanlıqları” kimi sektorları daxil etməklə, öz əhatə dairəsini daha da genişləndirib.

Payızda isə sərgi mövsümü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisi çərçivəsində müasir silah və texnikanın, eləcə də milli müdafiənin güc və qüdrətinin möhtəşəm nümayişi ilə start götürəcək. Bu sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə iki ildən bir keçirilir. Tədbirə müşahidə olan böyük marağını nəzərə alaraq 2016-cı ildə sərginin iş müddətini 4 günə qədər uzadıblar. Artıq 150-dən çox şirkət “ADEX 2016” sərgisində iştirak edəcəyini təsdiqləmişdir. İsrail, Çin, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya ediblər.

Həmçinin, oktyabr ayında 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgiləri öz yubileylərini qeyd edəcək. Noyabr ayında bir neçə tədbirin - 2-ci Azərbaycan Beynəlxalq Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət “Baku CSR Conference 2016” konfransı, “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf mühit “CTE 2016” sərgisi, eləcə də “Iteca Caspian” şirkəti ilə birlikdə təşkil olunan 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” sərgi və konfransının keçirilməsi planlaşdırılır.

Beləliklə, Bakı şəhəri bu il də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevriləcək. Bütün dünyada iqtisadi durumun qeyri-sabit olmasına baxmayaraq, bu tədbirlərin əhəmiyyəti daha da artır. Məhz sərgi və konfranslarda demək olar ki məhdudiyyətsiz imkanlar təklif olunur, yeni texnologiyalar nümayiş etdirilir, yeni əlaqələr qurulur və yeni tərəfdaşlar müəyyənləşdirilir. Nəhayət, sərgi və konfranslar ölkəyə yeni investisiya axınının cəlb olunmasında da kömək edir. 2016-cı ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətin veb-saytında (www.ceo.az) tanış olmaq mümkündür. 

Son xəbərlər

Orphus sistemi