Bu gün hərracda 19 əmlaka 500 min manat ödənilib

Bu gün hərracda 19 əmlaka 500 min manat ödənilib Bugünkü hərracda 6 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 SC və 8 nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib
Biznes
29 Noyabr , 2016 12:01
Bu gün hərracda 19 əmlaka 500 min manat ödənilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən noyabrın 29-da keçirilmiş növbəti açıq hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, budəfəki hərracın nəticəsinə əsasən, 6 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 səhmdar cəmiyyəti və 8 nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib.

Qurumun açıqlamasına görə, investorlar və əmlak sahibi olmaq istəyən vətəndaşlar hazırda kifayət qədər sadə proseduru icra etməklə belə hərraclara qatıla bilir. Vətəndaş elan olunan hər bir hərrac üzrə Komitənin özəlləşdirmə portalı (privatization.az) üzərindən hərraca çıxarılan əmlaklarla (foto, mətn və xəritə məlumatları) tanış olur. Daha sonra seçdiyi əmlak üzrə “sifariş ver” düyməsini sıxaraq və əmlakın satış qiymətinin 10% məbləğində behi elektron ödəyərək hərracda iştirakçı statusu qazanır. Xatırladaq ki, hərraclar barədə elanlar, eyni zamanda, ƏMDK-nin rəsmi internet səhifəsində və "Facebook" hesabında da əks olunur.

Bir istifadəsiz qeyri-yaşayış sahəsi və bir nəqliyyat vasitəsi üzrə hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 3-ü paytaxtda, 1-i Gəncədə, 2-si Tovuzda, qeyri-yaşayış sahələrinin 1-i Bakıda, 2-si isə Göyçayda yerləşir. Hərracda təklif olunan ən yüksək qiymət Gəncə şəhərindəki “Sünbül” kafesi və Tovuz rayonundakı tara bazasının anbar binası üzrə qeydə alınıb. Belə ki, bu əmlaklar müvafiq olaraq 100 min və 68 min manata satılıb. Paytaxın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Elnur” kafesi 40 min manata, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki qeyri-yaşayış sahəsi isə 25 min manata özəlləşdirilib.

Hərracda satılmış 2 iri müəssisə sənayə və aqrar sahələrə aiddir. Belə ki, “Metalqab” və “Zaqatala Kəndkimya” səhmdar cəmiyyətlərinin özəlləşmədən sonra yeni sərmayə yatırımı nəticəsində fəaliyyətini daha səmərəli və kompleks şəkildə bərpa edəcək, sənaye və aqrar sektorun inkişafına öz təsirini göstərəcək.

Qeyd edək ki, hərrac nəticəsində dövlət büdcəsinə 0,5 mln. manata yaxın vəsait köçürüləcək.

Komitə tərəfindən növbəti hərrac dekabrın 6-a təyin olunub. Hərraca çıxarılan 100 əmlakdan 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiymətinə təklif olunan dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1,1 mln. manat və 1,075 mln. manat ilkin satış qiyməti ilə təklif olunur.

Son xəbərlər

Orphus sistemi