Yuxarı
    Bağlamaq

    “BP-Azerbaijan” və tərəfdaşları Azərbaycanda sahibkarlığın inkişafı proqramına 6 mln. dollardan çox vəsait xərcləyib

    Bunu BP-Azerbaijan şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib

    Bakı. 1 dekabr. REPORT.AZ/ “BP-Azerbaijan” və onun “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları 2007-ci ildən bu ilin fevral ayına qədər Azərbaycanda sahibkarlığın inkişafı proqramına 6,2 mln. ABŞ dolları xərcləyib.

    “Report” xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

    Qeyd edək ki, sahibkarlığın inkişafı proqramı 2007-ci ilin iyun ayından həyata keçirilir. Proqram genişləndirilməklə 2 il müddətinə uzadılıb. 2017-2018-ci illərdə layihə üçün 1 mln. dollardan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu mərhələdə proqramı yerli şirkət olan "Ekvita" MMC həyata keçirəcək.

    Bu həftənin əvvəlində proqramın yeni müddət üçün təqdimat mərasimində B.Aslanbəyli qeyd edib ki, 2007-ci ildə başladığı vaxtdan bu proqramda iqtisadiyyatın müxtəlif sahələrini və sektorlarını təmsil edən təqribən 2 000 yerli kiçik və orta müəssisə iştirak edib. Onlardan təqribən 200-ü tam kursu bitirərək artım, inkişaf və təkmilləşmə vasitəsilə yüksək nəticələrə nail ola bilmək yollarını və bacarıqlarını öyrənib. Proqramda iştirak etmiş şirkətlərin bəziləri həqiqətən də öz inkişafları üçün ciddi səylər göstərib və bu səylər nəticəsində BP-nin əməliyyatçısı olduğu layihələr də daxil olmaqla çoxsaylı sifarişçilərlə dəyəri yüz milyonlarla dollar olan müqavilələr imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi