​Biznes və insan hüquqları üzrə BMT-nin ekspert qrupu Azərbaycana ilk dəfə səfər edəcək

​Biznes və insan hüquqları üzrə BMT-nin ekspert qrupu Azərbaycana ilk dəfə səfər edəcək Ekspertlər Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərinin həyata keçirilməsi istiqamətində cari təşəbbüsləri nəzərdən keçirəcəklər
Biznes
15 Avqust , 2014 11:00
​Biznes və insan hüquqları üzrə BMT-nin ekspert qrupu Azərbaycana ilk dəfə səfər edəcək

Bakı. 15 avqust. REPORT.AZ/ Avqustun 18-27-də BMT-nin müstəqil ekspertlərindən ibarət qrupu Azərbaycana ilk rəsmi səfərini edəcək. Report-un məlumatına görə, səfərin məqsədi ölkədə biznes fəaliyyətinin insan hüquqlarına olan təsirini qiymətləndirməkdir.

Ekspertlər Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərinin həyata keçirilməsi istiqamətində cari təşəbbüslər, imkanlar və çağırışları nəzərdən keçirəcəklər.

“Səfərimiz bizneslərin insan hüquqları ilə bərabər fəaliyyət göstərməsi istiqamətində atılan addımlar barədə bütün maraqlı tərəflərə məlumat vermək üçün gözəl bir imkan yaradacaq” - deyə, Azərbaycana səfər edəcək İşçi Qrupun digər üzvü Pavel Sulyandziga bildirib. O, həmçinin əlavə edib: “Səfər çərçivəsində rəsmilərlə, bir sıra şirkətlərlə, vətəndaş cəmiyyəti nümayəndələri, həmkarlar ittifaqı və digər maraqlı tərəflərlə görüşüb onların təcrübəsini öyrənməyə ümid edirik”.

Ekspertlərin səfəri Azərbaycan hökumətinin dəvəti əsasında həyata keçirilir. Qrup həmçinin ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə də səfər edəcək.

2011-ci ildə İnsan Hüquqları Şurası tərəfindən yekdilliklə qəbul olunan Rəhbər Prinsiplər biznes fəaliyyətinin insan hüquqlarına göstərə biləcək mənfi təsirinin qarşısının alınması və bu halların aradan qaldırılması üzrə dövlət və şirkətlərə dəqiq məlumat və istiqamətlər təqdim edirlər. Eyni zamanda, özəl şirkətlər də daxil olmaqla, üçüncü şəxslər tərəfindən hüquqların pozulmasına qarşı müdafiə sahəsində dövlətin üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiqləmiş olurlar. Sözügedən prinsiplər həmçinin insan hüquqları sahəsində korporativ məsuliyyətin rolunu və hüquqları pozulmuş şəxslərin səmərəli müdafiə imkanlarına çıxışının əhəmiyyətini vurğulayır.

Son xəbərlər

Orphus sistemi