Yuxarı

​Biznes inkubator üçün 25 yeni iştirakçı seçilib

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator iştirakçıları ilə görüş keçirilib

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator iştirakçıları ilə görüş keçirilib. “Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veriri ki, “Sahibkarlığın inkişafında biznes inkubatorların rolu” mövzusunda təşkil edilən tədbirə İqtisadiyyat Nazirliyi, Xaçmaz rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Sahibkarlar Konfederasiyasının yerli nümayəndəliyinin əməkdaşları, eləcə də biznes inkubatorun 45 iştirakçısı qatılıb.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər mühüm sənədlərdə ölkədə biznes inkubatorların yaradılmasına xüsusi diqqət yetirilir. Nazirliyin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılan ilk biznes inkubatorun fəaliyyəti də gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir". 

"Bu günədək iki bu cür müsabiqə keçirilib. Birinci müsabiqə zamanı 20 gənc biznes inkubator iştirakçısı seçilib və bir il ərzində onlar üçün treninqlər, beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar, biznes ideyaları müsabiqəsi və digər tədbirlər keçirilmiş, davamlı məsləhət xidmətləri göstərilib. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün yeni iştirakçıların seçilməsi məqsədilə növbəti müsabiqə martın 14-də keçirilib və daha 25 gənc biznes inkubator üçün yeni iştirakçı seçilib. Biznes inkubatorun yeni iştirakçılarının kənd təsərrüfatı, turizm, İKT, xalçaçılıq, dizayn, emal, xidmət, və s. sahələr üzrə biznes ideyalarını reallaşdırmaq üçün hər cür imkan yaradılıb. Gənclərin sahibkar kimi formalaşmasında biznes inkubatorların əhəmiyyətli rolu olduğundan bu sahədə tədbirlər gələcəkdə də davam etdiriləcək", - deyə S.Məmmədov qeyd edib.

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Tağıyev, ASK-nın Xaçmaz rayon nümayəndəsi Famil Baxışov və digərləri çıxışlarında gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində görülən işlər, bu sahədə biznes inkubatortun rolu, iştirakçıların seçilməsi prosesi və biznes inkubator iştirakçılarına yaradılan şərait barədə məlumat veriblər.

Daha sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun otaqlarının açarları yeni seçilən iştirakçılara təqdim edilib. Tədbir iştirakçıları biznes inkubatorun fəaliyyəti üçün ayrılan otaqlar, burada yaradılan şəraitlə tanışlıq olublar.

Qeyd edək ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində xalçaçılıq üzrə təlim mərkəzi də yaradılıb.

Tədbir çərçivəsində biznes inkubatorun iştirakçısı olmuş gənc sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi