​Binəqədi rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair forum keçirilib

​Binəqədi rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair forum keçirilib Bu il 3 100-dən çox sahibkarlıq subyektinin maliyyələşdirilməsinə 111 mln. manatdan çox güzəştli kredit yönəldilib
Biznes
15 İyul , 2015 16:04
​Binəqədi rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair forum keçirilib

Bakı. 15 iyul. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Bakı şəhərinin Binəqədi rayonunda keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Binəqədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Qeyd olunur ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının, plastik qapı-pəncərə, üzlük daş, corab və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmış, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə 3 100-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 111 mln. manatdan çox güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 7 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1 079 investisiya layihəsinin maliyyələşdirilməsinə 249,2 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 7,5 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, çörək, mebel istehsalı, heyvandarlıq, istixana təsərrüfatının yaradılması, üzümçülük kimi sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ildə 30 min ton PVC tərkibli yarımfabrikatlar istehsal etmək gücündə olan tikinti materiallarının istehsalı müəssisəsinə baxış keçirilib. Ümumilikdə, son illər tikinti materiallarının istehsalı ilə bağlı yeni texnologiyalara əsaslanan 21 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 mln. manat güzəştli kredit verilib. Artıq bu müəssisələrdən 18-i istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi