Yuxarı
    Bağlamaq

    Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatın inkişaf templəri ilə bağlı proqnozlar verib

    ABŞ kimi inkişaf etmiş ölkələrdə iqtisadi artım daha sürətlə, inkişaf etməkdə olan ölkələrdə isə daha zəif templə gedəcək

    Bakı. 15 aprel. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatda keçən illə müqayisədə bu il inkişafın bir qədər yüksək olacağını və artımın 3,5 faiz təşkil edəcəyini bildirir.

    "Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, təşkilatın nümayəndəsi Oliver Blançard deyib ki, Birləşmiş Ştatlar kimi inkişaf etmiş ölkələrdə iqtisadi artım daha sürətlə, inkişaf etməkdə olan ölkələrdə isə daha zəif templə gedəcək.

    Onun sözlərinə görə, qlobal iqtisadiyyata neft qiymətlərinin aşağı səviyyəyə düşməsi, valyutaların məzənnələrinin dəyişməsi, yüksək borclar və iqtisadi tənəzzüldən irəli gələn başqa problemlər təsir göstərir.

    Beynəlxalq Valyuta Fondunun ekspertləri bildirir ki, Birləşmiş Ştatlar, Avropa, Çin və Hindistan kimi neft idxalçıları enerjiyə daha az maliyyə sərf edərək, onu başqa sahələrə xərcləyəcək, bu isə inkişafa yardım edəcək. Neft qiymətlərinin aşağı düşməsi ixracatçılara öz təsirini göstərəcək, lakin bəzi ölkələr böyük pul ehtiyatına malik olduğu üçün lazım olan ixtisarları etmək mcburiyyətində qalmayacaq.

    Oliver Blançard bildirib ki, dolların məzənnəsinin qalxması ABŞ-ın istehsal etdiyi malların qlobal bazarlarda daha baha olması deməkdir. Bu, isə ABŞ-da ixracata təsirini göstərə və dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsində inkişafı ləngidə bilər.

    ABŞ dollarının məzənnəsinin artması Birləşmiş Ştatlarda faiz dərəcələrinin artırıla bilməsi ilə əlaqədardır. Bu da öz növbəsində Amerika aktivlərini investorlar üçün daha cəlbedici edir. Avro zonası və Yaponiya iqtisadi inkişafı gücləndirmək məqsədilə faiz dərəcələrini azaltdığı üçün bu valyutalar dollara nisbətdə dəyərini itirib.

    Qlobal iqtisadiyyatın inkişaf templəri ilə bağlı proqnozlar dünya ölkələrinin rəsmilərinin Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu həftə keçiriləcək iclaslarına toplaşdığı ərəfədə verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi