Berlində I Almaniya-Azərbaycan biznes-dialoqu keçirilib

Berlində I Almaniya-Azərbaycan biznes-dialoqu keçirilib Bakı. 29 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Berlində Azərbaycanın Almaniyadakı Səfirliyinin və Almaniya Bundestaqının deputatı Mark Hauptmanın təşkilatçılığı ilə I Almaniya-Azərbaycan biznes-dialoqu keçirilib.
Biznes
29 Noyabr , 2018 17:08
Berlində I Almaniya-Azərbaycan biznes-dialoqu keçirilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Berlində Azərbaycanın Almaniyadakı Səfirliyinin və Almaniya Bundestaqının deputatı Mark Hauptmanın təşkilatçılığı ilə I Almaniya-Azərbaycan biznes-dialoqu keçirilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, tədbirin tərəfdaşı qismində İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu (AZPROMO) çıxış edib.

Biznes-dialoqun məqsədi hər iki ölkənin işgüzar dairələri arasında hazırkı əməkdaşlığın nəzərdən keçirilməsindən, potensial tərəfdaşlarla “B2B” əlaqələrin qurulmasından və perspektiv biznes imkanlarının müzakirə olunmasından ibarət olub. 100-dən artıq Azərbaycan və Almaniya şirkətinin qatıldığı toplantını giriş nitqləri ilə səfir Ramin Həsənov və M.Hauptman açıb.

Səfir çıxışında Azərbaycan və Almaniya arasında əməkdaşlığın digər sahələri ilə yanaşı, iqtisadi-ticari münasibətlərin də son illərdə dinamik şəkildə inkişaf etdiyini bildirib. O, Azərbaycanın Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı olduğunu, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də Azərbaycanın biznes imkanlarının, “Made in Azerbaijan” brendinin və “Make in Azerbaijan” təşəbbüsünün təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumların ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verdiyini vurğulayıb. R.Həsənov həmçinin trans-regional nəqliyyat, enerji və İKT bağlantılarının daha da gücləndirilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edib. Səfir eyyni zamanda hər il Almaniyada müxtəlif sahələrdə keçirilən beynəlxalq sərgilərdə Azərbaycanın milli stend ilə iştirak etdiyini bildirib. O, iqtisadi sahədə əməkdaşlıq üçün daha böyük imkanların və potensialın mövcud olduğunu, I Almaniya-Azərbaycan Biznes Dialoqunun və “B2B” müzakirələrin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişlənməsi üçün əlavə platforma olacağına ümidini ifadə edib.

M.Hauptman isə Azərbaycanın Almaniya üçün mühüm ticarət tərəfdaşı olduğunu bildirib, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında və enerji təchizatının diversifikasiyasında Azərbaycanın məxsusi rolunu qeyd edib, qeyri-neft sektorunda Azərbaycanla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə toxunub.

Tədbirdə əsas natiqlər qismində iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin dövlət katibi Tomas Barays çıxış ediblər.

R.Məmmədov Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payının 70%-dən artıq olduğunu, cari ilin 9 ayında ticarət dövriyyəsinin 80% artdığını, Azərbaycanda müxtəlif sektorlarda 206 Almaniya sərmayəli şirkətin qeydiyyatdan keçdiyini, Almaniyadan Azərbaycana 560 mln. ABŞ dolları sərmayə yatırdığını və bunun 96%-nin qeyri-neft sektorunun payına düşdüyünü, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GIZ) vasitəsilə 56 mln. avro məbləğində texniki yardımın və “KfW” İnkişaf Bankı tərəfindən 27,4 mln. avro qrantın, o cümlədən 11 layihə üzrə 241,4 mln. avro kreditin verildiyini, biznes idarə olunması və peşə təhsili sahəsində Almaniyanın təcrübəsinin əhəmiyyətini, iki ölkə arasında energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, əczaçılıq, kimya və maşınqayırma sahələrində əməkdaşlıq imkanlarının mövcud oluduğunu vurğulayıb. Nazir müavini həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihələri barədə məlumat verib, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edildiyini və keçən il ilə müqayisədə 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdığını bildirib. O, Alman-Azərbaycan Xarici Ticarət Palatasının “Avropa İttifaqı Biznes Mühiti Hesabatı: Azərbaycan 2018” hesabatında Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin fikirləri əsasında Azərbaycanda 5 ən yaxşı biznes mühiti göstəricilərinin əks olunduğunu bildirib. Nazir müavini ixrac missiyasının və 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqunun iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edib.

T.Barays isə Azərbaycanın Almaniya üçün yalnız iqtisadi deyil, həmçinin strateji tərəfdaş olduğunu, ölkələrimiz arasında əməkdaşlığın tarixinin 200 ildən artıq olduğunu, iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının və Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun, eləcə də ölkəmizdə insan kapitalının gücləndirilməsində Almaniyanın Federal iqtisadiyyat və Energetika Nazirliyinin Menecer Təlimi Proqramının əhəmiyyətini vurğulayıb.

İclasa moderatorluğu Almaniya Şərqi Biznes Assosiasiyasının idarəedici direktoru Ute Koxlovski-Kadjaya, Almaniya Aqro-biznes Alyansının direktoru Per Brodersen və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman edib.

Daha sonra “Azərbaycana xoş gəlmişsiniz: biznes, kənd təsərrüfatı və turizm sahəsində potensiallar” və “Azərbaycan yeni enerji və logistika qovşağı qismində” adlı panel müzakirələr keçirilib.

Panelistlər qismində hər iki ölkənin müvafiq qurumlarının və şirkətlərinin (Azərbaycandan AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Nurlan Verdiyev, “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov, “Uniper” şirkətinin vitse-prezidenti Mixael Hilmer, “Claas Global Sales GmbH” müəssisəsinin regional ixrac meneceri Vassili Zayder, “Siemens Gamesa” firmasının baş maliyyə məmuru Tomas Kobet, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov, “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev, Potsdam Universitetinin professoru Vilfrid Furman) nümayəndələri çıxışlar edib.

200-dən çox iştirakçının qatıldığı tədbir çərçivəsində həmçinin hər iki ölkənin şirkətləri arasında “B2B” müzakirələr keçirilib.

Son xəbərlər

Orphus sistemi