Barama istehsalçılarına subsidiya verilməsi üçün Maliyyə Nazirliyinə müraciət edilib

Barama istehsalçılarına subsidiya verilməsi üçün Maliyyə Nazirliyinə müraciət edilib Bu qərar Respublika Komissiyasının növbəti iclasında qəbul edilib
Biznes
31 İyul , 2017 15:42
Barama istehsalçılarına subsidiya verilməsi üçün Maliyyə Nazirliyinə müraciət edilib

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanda barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi məqsədi ilə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, Komissiyanın həmin iclasında barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 12 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin və rayon komissiyasının təqdim etdiyi sənədlərə baxılıb və 898 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 85 559,11 kq yaş baramanın hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə, 427 795,55 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

"Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyi, “Kapital Bank” ASC və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon komissiyasına göndərilib. Respublika Komissiyasının keçirilən iclaslarında ümumilikdə 21 rayon (şəhər) üzrə 1 386 istehsalçıya 133 503,62 kq yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 667 518,10 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Respublikada barama istehsalı ilə məşğul olan 31 rayondan qalan 10 rayon üzrə sənədlər Respublika Komissiyasına təqdim edildikdən sonra barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın miqdarına görə subsidiyanın verilməsi məsələsinə Komissiyanın iclasında qısa müddətdə baxılacaq",- deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi