​Bakıda vergi konfransı keçirilib

​Bakıda vergi konfransı keçirilib Tədbir "Vergi sistemində şəffaflıq və əməletmə" mövzusuna həsr olunub
Biznes
1 Dekabr , 2014 18:04
​Bakıda vergi konfransı keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Vergilər Nazirliyi və Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə "Vergi sistemində şəffaflıq və əməletmə" mövzusunda IV illik vergi konfransı keçirilib.

"Report"un məlumatına görə, konfransı giriş sözü ilə açan AmCham-ın prezidenti İlqar Vəliyev vergi orqanları ilə işgüzar dairələr arasında olan əməkdaşlığın genişləndirilməsi və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinin vacibliyini vurğulayıb, vergi sistemində aparılan islahatlar və ölkənin vergi mühitinin cəlbediciliyinin artırılması istiqamətində görülən işlərin biznes dairələri tərəfindən diqqətlə izlənildiyini qeyd edib. Bildirilib ki, maraq doğuran bir çox məsələlər barədə işgüzar dairələr və vergi orqanları arasında müzakirələrin keçirilməsinə xidmət edən vergi konfranslarının təşkili artıq ənənəvi xarakter alıb. İ.Vəliyev sözügedən konfransın əsas məqsədinin vergi siyasəti və harmonizasiya, korporativ əməletmə və vergi sisteminin modernləşdirilməsi mövzularında dialoqun yaradılması olduğunu vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkədə elektron hökumətin qurulmasının iqtisadi sistemin şəffaflaşmasına xidmət etdiyini vurğulayıb, vergi inzibatçılığının təkmilləşdirilməsinin təkcə vergi orqanlarının fəaliyyətinə deyil, ümumilikdə vergi öhdəliklərinin yerinə yetirilməsinə və könüllü əməletmə səviyyəsinin artmasına müsbət təsir etdiyini bildirib.

Konfransda çıxış edən Azərbaycan vergilər nazirinin müşaviri Akif Musayev ölkənin vergi sistemində aparılan islahatlar haqqında məlumat verib. 

AmCham və digər ictimai təşkilatlarla keçirilən işgüzar görüşlərin əhəmiyyətini qeyd edən Z.Səmədzadə əvvəllər keçirilən konfranslarda biznes strukturları və ictimai təşkilatların qaldırdığı bir çox məsələlərin ətrafında aparılmış müzakirələrin ölkədə biznes mühitinin təkmilləşməsinə yardım etdiyini bildirib.

Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov Nazirlər Kabinetinin bu sahədəki fəaliyyətinin təşkilində özəl sektor nümayəndələri ilə əməkdaşlığının vacibliyini vurğulayıb, bu konfransın sektorlararası dialoqun inkişafına xidmət etdiyini əminliklə qeyd edib.

Sonra konfrans işini sessiyalarda davam etdirib, vergi orqanı və özəl sektoru təmsil edən mütəxəssislər vergi siyasəti və harmonizasiya, korporativ uyğunluq - beynəlxalq təcrübə və Azərbaycan, vergi sistemində modernizasiya məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirdə Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov və özəl sektorun nümayəndələri çıxış ediblər.

Qeyd edək ki, AmCham – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyasıdır. Ölkənin geniş və nüfuzlu təşkilatlarından biri olaraq, AmCham öz üzvlərinə işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış AmCham 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. AmCham Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir.

Son xəbərlər

Orphus sistemi