Yuxarı

​Bakıda şirkət rəhbərlərinin sammiti keçirilib

Report İnformasiya Agentliyi tədbirə informasiya dəstəyi verib

Bakı. 7 dekabr. REPORT.AZ/ Dekabrın 6-da Qafqaz Universitetində "Business Talk" təşkilatı tərəfindən "Gələcəyin yolu təşəbbüskarlıq. Sən də öz yolunu seç" mövzusunda şirkət rəhbərlərinin sammiti (CEO Summit-Baku) keçirilib. 

"Report" bildirir ki, Azərbaycan və türk dillərində keçirilən sammitdə 6 spiker iş və karyera həyatı haqqında çıxış ediblər.

Sammit iştirakçılarını salamlayan Qafqaz Universitetinin prorektoru, tədris məsləhətçisi, professor Cihan Bulutbey tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib: “Bu sammit burada iştirak edənlərin hər biri üçün çox önəmlidir. Burada iştirak edən tanınmış iş adamları fəaliyyət göstərdikləri sahədə əldə etdikləri təcrübəni paylaşacaqlar. Qonaqlarımıza dəyərli vaxtlarını bizə ayırıb bu gün burada iştirak etdikləri üçün universitetimiz adından təşəkkür edirik”.

Daha sonra çıxış edən "Business Talk" təşkilatının təsisçisi və rəhbəri Əyyub Hüseynzadə qeyd edib ki, bu tədbirin təşkil edilməsində əsas məqsəd bilgi və təcrübənin paylaşılmasıdır: “Sammitin keçirilməsində məqsədimiz uğurlu biznes sahiblərinin bilgilərini bizimlə paylaşmasıdır. Bu gün burada iştirak edən tanınmış iş adamlarına təşəkkür edirik ki, bizim təkliflərimizi qəbul edib öz dəyərli vaxtlarını gəncləri maarifləndirmək üçün sərf edirlər”.

Spikerlər "MADO Azerbaijan" restoranlar şəbəkəsinin direktoru Kamran Məşədiyev “Uğurlu biznesin təməlləri”, "P&G"-nin Azərbaycan və Gürcüstan üzrə direktoru Taygun Günay “Qlobal markalarda idarəçi olmaq”, "McDonalds"ın İngiltərə və Türkiyə üzrə direktoru Ahmet Murtezaoğlu “Markaları marka edən loqoları deyil, içindəki insanlardır”, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov “İş həyatında təhsilli insanmı, əxlaqlı insanmı?”, "Koç Sistem Azərbaycan"ın direktoru Ali Kutvan “Şirkətlərdə strateji idarəetmə”, "Scentling Group"un Azərbaycan, Gürcüstan və İndoneziya üzrə rəhbəri Bəhruz Babayev "Qlobal biznes əlaqələri" mövzusunda çıxış edib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Sonda "Business Talk" təşkilatı təşəkkür əlaməti olaraq iş adamlarına plaket təqdim edib.

Qeyd edək ki, "Report" İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi