Yuxarı

​Bakıda sahibkarlar üçün treninq keçirilib

Treninq ixrac zamanı güzəştlərin tətbiqi və marketinq araşdırmalarına həsr olunub

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzi və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə sənaye, istehsal sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün treninq keçirilib.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, “Potensial ixracatçılara ixrac zamanı güzəştlərin tətbiqi” və “Marketinq araşdırmalarının aparılması” mövzularını əhatə edən treninqdə mövcud və yeni ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, məhsul ixracatçılarına tətbiq edilən güzəştlər, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili, idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbirdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına məlumat verilib. Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Tədris Mərkəzinin hazırladığı metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi