Yuxarı
    Bağlamaq

    Bakıda “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

    Tədbir İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi, Azpromonun təşkilatçılığı ilə keçirilib© Report.az

    Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə "Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib.

    "Report"un xəbərinə görə, konfransda sahibkarların, bir sıra dövlət orqanlarının və ictimai birliklərin nümayəndələrinin sahibkarlığın inkişafında göstərdiyi xidmətlərə görə təltif edilməsi barədə Prezident İlham Əliyevin 25 aprel 2017-ci il tarixli sərəncamı oxunub.

    ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində sahibkarlar sinfinin rolu böyükdür: "Ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar sistemli və ardıcıl xarakter daşıyır. Hesab edirəm ki, qarşıdakı zaman kəsiyində Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə Konfederasiya da əlindən gələni əsirgəməyəcək. Milli iqtisadiyyatın strukturunun yenilənməsi isə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində istər dövlət qurumları, istərsə də özəl təşkilatlarla birgə yaxından əməkdaşlıq edəcək. Daha uğurlu nəticələrin əldə olunması istiqamətində intensiv iş aparacaq. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, qəbul edilən qərarlar sahibkarlığın inkişafına verilən böyük diqqət və qayğının göstəricisidir. Sahibkarlara göstərilən dövlət dəstəyi iqtisadiyyatda özəl sektorun rolunu daha da artıracaq".

    İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında vurğulayıb ki, ölkə başçısının sərəncamı ilə təsis olunan “Sahibkarlar Günü”nün qeyd olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsidir: "Dövlət başçısının “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq həyata keçirilən kompleks və ardıcıl tədbirlər, səmərəli dövlət dəstəyi sistemi, vergi güzəştlərinin tətbiqi və s. kimi tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. ÜDM-də özəl bölmənin payı 80%-i ötüb. Bu sahədə həyata keçirilən bütün tədbirlər iqtisadiyyatın inkişafına yönəldilib".

    Nazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov qeyd edib ki, son illər ərzində sahibkarlıq sahəsi Azərbaycanda kifayət qədər formalaşıb və inkişaf edib: "Ötən il Azərbaycan sahibkarları üçün kifayət qədər ağır il oldu. Dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır. Artıq sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcına qədəm qoymuşuq. Ölkə başçısı və Nazirlər Kabineti sahibkarlığın inkişafı üçün çox əhəmiyyətli fərmanlar imzalayıb. İqtisadi inkişafda, büdcə daxilolmalarında sahibkarlığın rolu olduqca böyükdür. Biz bir neçə il də sahibkarlığın inkişafı istiqamətinə böyük önəm versək, Azərbaycan iqtisadiyyatı böyük uğur qazanacaq".

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev isə bildirib ki, Azərbaycanda sosial dialoqun təmin olunmasında sosial tərəfdaşlığın subyektləri kimi düşünülmüş siyasət yürüdülür: "Qarşılıqlı əlaqələrimizi bundan sonra da möhkəmləndirmək, ümumi məqsədlərimizə nail olmaq üçün səylərimizi daha da artırmağa çalışırıq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi