Yuxarı
    Bağlamaq

    ​Bakıda RILO ölkələri gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin iclası keçirilib

    İclasın gedişində RILO-ər-Riyad və RILO-Moskva arasında Memorandum imzalanıb

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Sentyabrın 8-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) MDB ölkələri üzrə hüquq-mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçirilib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, ÜGT-nin Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən iclasa Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seul, RILO-ər-Riyad, RILO-Varşava və RILO-Kölnün məsul nümayəndələri qatılıblar.

    İclasın açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev hüquq-mühafizə fəaliyyəti çərçivəsində RİLO-Moskva ilə əməkdaşlığın ildən-ilə inkişaf etdiyini bildirib.

    Ə.Abdullayev bu görüşün də effektli təcrübə və məlumat mübadiləsinə, təhlükəsizlik və gömrük hüquqpozmalarına qarşı mübarizədə ortaya çıxan problemlərin ətraflı müzakirəsinə geniş imkanlar yaradacağını qeyd edib.

    Sonra RILO-Moskvanın direktoru Oleq Bakanov “RILO-Moskvanın fəaliyyətinin yekunları” adlı məruzə ilə çıxış edib. Natiq çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, RILO-Moskvanın müxtəlif sahələrdə həyata keçirdiyi proqramlar və əməliyyatlardan bəhs edib.

    Daha sonra ÜGT-nin nümayəndəsi Loik Qann“ÜGT Katibliyinin regional əlaqələndirmə qovşaqlarının cəlb edilməsi ilə cari və planlaşdırılan təşəbbüsləri”, RILO-Moskvanın direktor müavini Kristina Klimnik isə “Qabaqlayıcı xarakterli hüquq-mühafizə məlumatının mübadiləsi məqsədilə "CENcomm" əməliyyat-kommunikasiya platformasında 24 saatlıq rejimdə fəaliyyət göstərən əlaqələndirmə məntəqələrinin təşkili barədə” mövzularında məruzəylə çıxış ediblər.

    İclasın gedişində RILO-ər-Riyad və RILO-Moskva arasında Memorandum da imzalanıb.

    Qeyd edək ki, iclas sentyabrın 9-da başa çatacaq. Həmin gün isə iclasda gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin işində CEN Milli Gömrük Hüquq Mühafizə Şəbəkəsinin tətbiqi və RILO-Moskvanın 2016-cı il üçün İş Planının layihəsinin razılaşdırılması məsələləri müzakirə olunacaq və iclasın yekun qərarı qəbul ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi