Yuxarı

Bakıda qanunsuz "çöl reklamları" yığışdırılır

Bakı Şəhər İcra Hakimiyyəti ticarət obyektlərinin reklam lövhələrini məzmununa görə yoxlayır

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi paytaxdakı ticarət obyektlərinin çöl reklamlarının monitorinqinə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin rəis müavini Pərviz Abdullayev "Report"a bildirib ki, monitorinq zamanı reklamlarda əks olunan məlumatların, xüsusən də obyektlərin adlarının və s. qanunauyğunluğu yoxlanılır və əsassız reklamlar yığışdırılır. Onun sözlərinə görə, bu, adəti üzrə aparılan bir prosesdir və bunun Bakıda keçiriləcək I Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur.

"İstənilən bir reklam vasitəsi "Dövlət dili haqqında" qanunla tənzimlənir. Yazılan söz "Dövlət dili haqqında" qanuna ziddirsə və sözün Azərbaycan dilində açıqlaması yoxdursa, həmin formalı reklam vasitələrinin yayımının qarşısı alınır. Onu təsdiq edən sənədi, əmtəə nişanı və yaxud eyni adlı MMC-si varsa, o zaman problem olmur", - rəis müavini qeyd edib.

P.Abdulllayev ticarət obyektlərinin müxtəlif ölkələrin adlarının çəkildiyi reklam lövhələrinin yığışdırılmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, bu, qanunamüvafiq formada həyata keçirilir. Belə ki, həmin reklamların yığışdırılması ya həmin reklamların yalançı olması, ya da həmin reklamlarda adları istifadə olunan ölkələrin səfirliklərinin müvafiq icazəsi olmadan yazılması ilə bağlıdır. "İtaliya mebeli" və bunun kimi digərlərinin də qarşısı alınır. Çünki yalançı reklamlardır və fakt üzrə təsdiqini tapmır. İqtisadiyyat və Sənaye Nazirliyinin keçirdiyi reydlər əsasında fakt təsdiqini tapmayıb. Həqiqətdə orada satılan Çin mebelidir, amma "İtaliya mebeli" yazılıb və s. Bundan başqa, hər hansı bir ölkənin adından istifadə etmək üçün həmin dövlətin səfirliyinin rəsmi icazəsi olmalıdır".

P.Abdullayev Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar onlara xüsusi göstərişin verilmədiyini də bildirib: "Bakı Şəhər İcra Hakimiyyətinin reklam idarəsi konkret qrafik üzrə işini davam etdirir. Yəni əlavə dəyişiklik, yenilik yoxdur. Şəhər üzrə təmizlik aparır, qeydiyyatsız reklamları çıxarır, yararsız reklamları demontaj edirik. Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı hər hansı xüsusi göstəriş olmayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi