Bakıda islam ölkələri forumunun keçirilməsi təklif olunur

Bakıda islam ölkələri forumunun keçirilməsi təklif olunur İqtisadiyyat naziri Qətərin Azərbaycandakı səfiri ilə görüşüb
Biznes
13 Yanvar , 2017 15:18
Bakıda islam ölkələri forumunun keçirilməsi təklif olunur

Bakı. 13 yanvar. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, Ş.Mustafayev Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, iki ölkə beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləyir: "Azərbaycanın islam ölkələri ilə əməkdaşlığı genişləndirməyə və islam həmrəyliyin möhkəmləndirilməsinə önəm verir. Dövlət başçımız tərəfindən 2017-ci il ölkəmizdə "İslam həmrəyliyi ili" elan edilib. Bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək". 

Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının genişləndirilməsi perspektivlərindən danışan nazir vurğulayıb ki, 2016-cı ildə yaradılan Azərbaycan və Qətər hökumətləri arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın bu yaxınlarda Bakıda ilk iclası keçiriləcək: "Fevralın 11-14-ü tarixlərində Qətərə Azərbaycanın ixrac missiyası təşkil ediləcək. İki ölkə arasında birbaşa hava uçuşlarının mövcud olması, "ASAN viza"nın tətbiqi Azərbaycan-Qətər əlaqələrinin inkişafında önəmlidir".

Görüşdə Ş.Mustafayev Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verib və Qətər şirkətləri fəal əməkdaşlığa dəvət edib: "Digər sahələrlə yanaşı, Qətər iş adamları Sumqayıt Kimya Sənaye Parkında yaradılan əlverişli imkanlardan istifadə edərək sənaye parkına investisiya yatıra bilərlər".

Səfir Yusif bin Həsən əl-Sai qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb: "Qətər iş adamları Azərbaycana maraq göstərir". 

Səfir İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıda islam ölkələrinin forumunun keçirilməsini təklif edib.

Eyni zamanda, görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi və birgə investisiya fondunun yaradılmasına dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi