Bakıda İranın Qərbi Azərbaycan vilayəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Bakıda İranın Qərbi Azərbaycan vilayəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib Şahin Mustafayev: "Ötən il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 70%-ə yaxın artıb"
Biznes
25 Yanvar , 2017 17:33
Bakıda İranın Qərbi Azərbaycan vilayəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda səfərdə olan İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə Ş.Mustafayev Azərbaycanla İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib: "Dövlət başçıları tərəfindən qarşıya qoyulan vəzifələr Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası tərəfindən yerinə yetirilir. Energetika, tranzit, infrastruktur və s. sahələrdə əlaqələr genişlənir, ölkələrimizin tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir. İran nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana səfəri zamanı Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyuldu. Müəssisənin tikintisi iki ölkə arasında arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan önəmli layihələrdəndir. Bundan başqa, Neftçala Sənaye Zonasında yaradılan Azərbaycan-İran birgə avtomobil istehsalı zavodu da əməkdaşlığımızın mühüm sahələrindəndir. Ölkələrimiz arasında ticarət əlaqələri genişlənir. Ötən il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 70%-ə yaxın artıb".

Ş.Mustafayev bildirib ki, İranla, xüsusilə də İranın sərhəd regionları ilə əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin inkişafı imkanları böyükdür: "Qarğıdalı, günəbaxan, xurma, kişmiş, çuğundur kimi kənd təsərrüfatı məhsullarının Azərbaycanda birgə istehsalı və emalı üçün imkanlar var. Azərbaycanın bir sıra ölkələrlə azad ticarət sazişi var. Bu məhsullar daxili tələbatı ödəməklə yanaşı, birgə ixrac da oluna bilər. Bundan başqa, Neftçala və Masallıda kənd təsərrüfatı texnikası üzrə birgə xidmət yaradıla bilər".

Qərbi Azərbaycan vilayətinin valisi son illər ölkələr arasındakı münasibətlərin tarixində ən yüksək səviyyədə olduğunu, əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsini və mühüm rolunu vurğulayıb. O iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən bir sıra kənd təsərrüfatı məhsullarının birgə istehsalı, emalı və ixracı imkanlarını qeyd edib, Azərbaycan və İran məhsullarının tanıdılması üçün birgə sərgilərin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin fevral ayında İranın bir sıra regionlarına nəzərdə tutulan səfərinə, keçiriləcək görüş və tədbirlərə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi