Bakıda MDB ölkələrinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilir

Bakıda MDB ölkələrinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilir Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilir.
Biznes
23 May , 2019 10:51
Bakıda MDB ölkələrinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilir

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilir.

“Report”un məlumatına görə, tədbirdə MDB-yə üzv dövlətlərin – Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin rəhbərləri, həmçinin MDB-yə üzv dövlətlərin Terrorizmə Qarşı Mübarizə Mərkəzinin, Mütəşəkkil Cinayətkarlığa və Digər Təhlükəli Cinayət Növlərinə Qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosunun və MDB-nin sərhəd qoşunlarına rəhbərlik edən Şuranın əlaqələndirmə xidmətinin nümayəndələri iştirak edirlər.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev bildirib ki, bu gün gömrük xidmətləri orqanları üçün qaçaqmalçılıq mövzusu önəmli məsələlərdən biridir: “Hər gün qaçaqmal keçirilməsi üçün yeni-yeni üsullara əl atılır. Ancaq gömrük orqanları tərəfindən bütün bu qanunpozma hallarını aşkar edirlər”.

Onun sözlərinə görə, bu gün Azərbaycan gömrük xidmətində xeyli islahatlar həyata keçirilir: "Azərbaycanda gömrük xidmətinin təşkilində ümummilli lider Heydər Əliyev misilsiz xidmətləri olub. Bu gün bu uğurlu siyasət Azərbaycan prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir”.

Sədr müavini qeyd edib ki, hazırda Komitə qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal rol oynamaqdadır: “Gömrük əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində qanunsuz halların qarşısı vaxtında alınır. Təşkilat çərçivəsində qarşılıqlı informasiya və təcrübə mübadiləsinin aparılması zəruridir. 2018-ci il ərzində 9 671 qanun pozuntusu aşkar edilib. Bu qanunpozma üzrə 264 fakt ancaq narkotik vasitələrin və psixitrop maddələrin keçirilməsi ilə bağlı olub”.

Tədbir iştirakçıları qeyd ediblər ki, təşkilat daxilində qaçaqmalçılığa qarşı birgə əməliyyatlar təşkil edilməlidir. Gömrük xidməti sahəsində analitik işin aparılması da təkmilləşdirilməlidir.

İclasda region ölkələrinin gömrük xidmətlərinin hüquq-mühafizə sahəsindəki fəaliyyətinə dair fikir mübadiləsi aparılacaq, işçi qruplarının məruzələri dinləniləcək, əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, mayın 21-dən etibarən artıq işçi qrupların iclasları başlayıb. İclaslarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, analitik informasiya və internet məkanında hüquqpozmalarla mübarizə sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunur.

Qeyd edək ki, bu MDB ölkələrinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin ölkəmizdə keçirilən sayca 4-cü iclasıdır.

Son xəbərlər

Orphus sistemi