Yuxarı

Bakıda "Doing Business" hesabatının metodologiyasındakı dəyişikliklərə dair seminar keçirilib

Bundan sonra tikintinin keyfiyyətinə nəzarət, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və s. amillərə də diqqət yetiriləcək

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Dünya Bankının (DB) özəl sektorun inkişafı üzrə ekspertlərinin, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə seminar keçirilib. “Report” xəbər verir ki, seminarda DB tərəfindən hazırlanan “Doing Business” hesabatının müvafiq göstəricilərinin qiymətləndirilməsi üzrə metodologiyaya edilmiş dəyişikliklər iştirakçıların diqqətinə çatdırılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin sosial-iqtisadi siyasətinə uyğun olaraq, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, özəl sektorun inkişafının sürətləndirilməsi məqsədi ilə sistemli, ardıcıl tədbirlərin həyata keçirildiyini deyib.

Nazir müavini bildirib ki, əldə olunmuş uğurlar bir sıra beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilir: “Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatıdır. Ötən ilin oktyabrında açıqlanan “Doing Business 2016” hesabatında Azərbaycan dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. Ötən ilki hesabatla müqayisədə ölkəmizin mövqeyi bir çox göstəricilər üzrə yaxşılaşıb. Belə ki, “Doing Business 2016” hesabatında ölkəmizin ötən illə müqayisədə mövqeyi 17 pillə yaxşılaşaraq 189 ölkə arasında 80-ci yerdən 63-cü yerədək yüksəlib. Hesabatın əsas göstəricisi olan “Etalon qanunvericiliyə yaxınlıq” (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 67.8-ə (əvvəlki hesabatda 64,08) yüksəlib ki, bu da ölkədə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılmış işlərin müsbət nəticəsini bir daha təsdiq edir. Bundan başqa, dövlət başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədi ilə 8 istiqamət üzrə islahatlar həyata keçirilir”.

DB Qrupunun özəl sektorun inkişafı üzrə ekspertləri Valentina Saltane və Volha Hritskeviç hesabatın metodologiyasına edilmiş və nəzərdə tutulan yeni dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat veriblər.

Deyilib ki, ötən ilki hesabatla müqayisədə “Doing Business 2016” hesabatına “Tikinti üçün icazələrin alınması”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Müqavilələrin icrası” və “Əmlakın qeydiyyatı” göstəriciləri üzrə biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilməklə qiymətləndirmə metodologiyasında dəyişikliklər olunub. Həmçinin, “Doing Business 2017” hesabatının metodologiyasında da bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır.

Beynəlxalq Maliyyə Korporasiyasının Tapşırıq Qrupunun rəhbəri İrina Kokaian Azərbaycanla qurum arasındakı əlaqələr və əməkdaşlıq perspektivləri barədə danışıb.

Azərbaycana səfəri çərçivəsində DB ekspertləri aidiyyəti dövlət qurumlarında görüşlər keçirəcək, “ASAN Xidmət”də lisenziyaların verilməsi prosesi ilə tanış olacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi