Bakıda beynəlxaq daşımalarda sərhəd keçidinin asanlaşdırılması üzrə seminar keçirilib

Bakıda beynəlxaq daşımalarda sərhəd keçidinin asanlaşdırılması üzrə seminar keçirilib Seminarın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb
Biznes
11 Noyabr , 2015 15:35
Bakıda beynəlxaq daşımalarda sərhəd keçidinin asanlaşdırılması üzrə seminar keçirilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Regional Tədris Mərkəzində “Beynəlxalq daşımalar zamanı sərhəd keçidinin asanlaşdırılması üzrə Milli Seminar” keçirilib. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

DGK ilə BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkil etdiyi seminarda Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələri də iştirak ediblər.

Seminarın açılışında çıxış edən Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov beynəlxalq daşımalar zamanı sərhəd-keçid proseduralarının asanlaşdırılması məqsədilə tətbiq edilən qanunvericilik bazası, “bir pəncərə” prinsipinin tətbiqinin bu istiqamətdə ümumi işə faydası, əməkdaşların potensialının artırılması və məlumatlandırılması, digər dövlət qurumları ilə bu sahədə əməkdaşlıq məsələləri barədə məlumat verib.

Daha sonra seminar işə başlayıb. Əvvəl “Azərbaycanda sərhəd-keçidinin və tranzit nəqliyyatının hazırkı vəziyyəti”, “Beynəlxalq daşımalarda özəl sektorun rolu” mövzularında yerli mütəxəssislər seminar iştirakçılarını məlumatlandırıb. Daha sonra isə UNESCAP-ın iqtisadi məsələlər üzrə mütəxəssisi Sandip Raj Ceyn (Sandeep Raj Jain), beynəlxalq logistika üzrə ekspert Jon Quambi (John Quamby) “Beynəlxalq avtomobil daşımaları zamanı qeyri-fiziki maneələrin aradan qaldırılmasında qoşqular/konteynerlərin rolu - Böyük Mekong Subregionunun təcrübəsi”, “Nəqliyyatın asanlaşdırılması üzrə 4 modelin təqdimatı və təklif olunan addımlar”, “Beynəlxalq dəmiryolu daşımalarının asanlaşdırılması üzrə ESCAP Regional Əməkdaşlıq Çərçivəsi (7/17 nömrəli qətnamə) və beynəlxalq avtomobil daşımalarının sadələşdirilməsi üçün ESCAP Regional Strateji Çərçivəsi”, “Daşımaların asanlaşdırılması üzrə subregional sazişlər” mövzularında çıxışlar edib.

Seminarın sonunda mövzuyla bağlı əlavə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi