​Bakıda beynəlxalq startap müsabiqəsi keçiriləcək

​Bakıda beynəlxalq startap müsabiqəsi keçiriləcək “IE Venture Day”in qalibi Madriddə təhsil almaq imkanı qazanacaq
Biznes
8 Oktyabr , 2015 16:30
​Bakıda beynəlxalq startap müsabiqəsi keçiriləcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Yüksək Texnologiyalar Parkı və İE Biznes Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda “IE Venture Day” beynəlxalq startap müsabiqəsi keçiriləcək.

Dekabrın 3-də təşkil ediləcək bu tədbir yerli və beynəlxalq startap ictimaiyyətini bir araya toplayan “pitch-off” müsabiqəsidir. Qeyd edək ki, İE Biznes Məktəbinin təşkil etdiyi “Venture Day” müsabiqəsində iştirak edəndən sonra İspaniyadan olan startap “tyba.com” 1 mln. avrodan çox vəsait cəlb edərək Avropanın ən məşhur işəgötürmə platformalarından birinə çevrilib.

Ümumiyyətlə, son 4 il ərzində “İE Venture Day” müsabiqəsində iştirak edən startaplar 12 mln. avrodan çox investisiya cəlb edib. Bakıda keçiriləcək müsabiqədə iştirak etməklə iştirakçılar, demək olar ki, “evlərini tərk etmədən” bizneslərini ən nüfuzlu investor və vençur kapitalistlər qarşısında təqdim etmək şansı qazanacaqlar.

Hazırda dünyanın 35 şəhərində keçirilən “İE Venture Day” müsabiqəsi ilk dəfə Qafqaz regionunda məhz Azərbaycanda baş tutacaq. İştirak edən startaplar öz bizneslərini sözügedən sahə üzrə ekspertləri, vençur kapitalistləri və investorları özündə birləşdirən münsif heyəti qarşısında təqdim edəcəklər. Seçilmiş on finalçı mükafatlar üçün mübarizə aparmaq məqsədilə “Venture Day Baku” tədbirində ideyalarını təqdim etmək üçün Bakıya dəvət ediləcək (gediş-gəliş haqqı qarşılanacaq).

Mükafatlara gəlincə, komandanın bir üzvünün 10 finalçıdan biri olaraq “Venture Day” Madrid tədbirində iştirakı və gediş-gəliş haqqının qarşılanması; İE Biznes Məktəbində “Executive Education” proqramının istənilən kursu üzrə 100% təqaüd; pulsuz ofis ərazisi təqdim olunmaqla tərəfdaşların birgə işləmə sahələrində (co-working spaces) 3 ay inkubasiya; “İE Venture Lab” tərəfindən mentorluq xidməti nəzərdə tutulur. “İE Venture Day Baku” tədbiri üçün burada (http://venture-days.ie.edu/e/december-baku-2015) qeydiyyatdan keçmək olar.

Həmçinin, yeniliklər və regionda keçiriləcək hazırlıq tədbirləri ilə bağlı “Facebook" səhifəsindən məlumat əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi