Yuxarı

​Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Tədbir Tomsk vilayətinin iş adamlarının Bakıya səfəri çərçivəsində təşkil olunub

Bakı 28 aprel.REPORT.AZ/ Bu gün Bakıda Rusiyanın Tomsk vilayətinin iş adamlarının Bakıya səfəri çərçivəsində Azərbaycan-Rusiya biznes forumu keçirilib. "Report"un xəbərinə görə, Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası, Rusiya Ticarət Nümayəndəliyinin təşkilatçılığı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə baş tutan tədbirdə hər iki tərəfdən sənaye, kimya sənayesi avadanlığı, elektrik energetikası, mühəndis tədqiqat işləri, İKT və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının İdarə Heyətinin sədr müavini İntiqam Hüseynov Rusiya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunub, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb: "Bunun nəticəsidir ki, xarici iş adamlarının ölkəmizə marağı artır, Azərbaycana yatırılan investisiyaların həcmi ildən-ilə çoxalır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, həmçinin iş adamlarının artan imkanları ölkəmizi xarici investora çevirib. Bu gün Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində həyata keçirilən layihələrdə uğurla iştirak edir, xarici ölkələrə investisiya yatırır".

İ.Hüseynov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Onun sözlərinə görə, bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan İ.Hüseynov Rusiya iş adamlarını ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Rusiyanın Tomsk vilayətinin Ticarət və Sənaye Palatasının sahibkarlğın inkişafı bölməsinin rəisi Dmitri Nemıtkov Tomsk vilayətinin iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib.

Forum ikitərəfli görüşlər formatında davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi