Bakıda Azərbaycan-Monako biznes forumu keçirilib

Bakıda Azərbaycan-Monako biznes forumu keçirilib Mişel Dotta: "Azərbaycan həm turizm, həm də geniş tranzit məkanı kimi regionda böyük əhəmiyyətə malikdir"
Biznes
7 Noyabr , 2016 14:48
Bakıda Azərbaycan-Monako biznes forumu keçirilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı Azərbaycan-Monako biznes forumu keçirilib.

“Report” xəbər verir ki, forumda rəsmi şəxslərlə yanaşı, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-yə yaxın iş adamı iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycanla Monako arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur: “Həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb. Ölkənin əldə etdiyi sosial-iqtisadi uğurlar nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır. Azərbaycanın qeyri-neft sektorunun inkişafı istiqamətində bir çox təqbirlər reallaşdırılır. İqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində layihələr və tədbirlər həyata keçirilir. Bugünkü Azərbaycan-Monako biznes forumu “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində təşkil edilən tədbirlərdəndir.Monako iş adamlarını azərbaycanlı həmkarları ilə sıx əməkdaşlığa etməyə dəvət edirəm. Bu istiqamətdə monakolu sahibkarlara "Azpromo" tərəfindən zəruri dəstək göstəriləcək”.

Monako İqtisadiyyat Palatasının sədri Mişel Dotta Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu vurğulayıb: “İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanları mövcuddur. Bu gün Azərbaycanla Monako arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. İki ölkə arasında iqtisadi əlaqə geniş olmasa da, bugünkü biznes forum iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Ümid edirəm ki, bu kimi tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanla Monako arasında iqtisadi əlaqələr inkişaf edəcək. Azərbaycanın yerləşdiyi ərazi çox əlverişlidir. Ölkəniz həm turizm, həm də geniş tranzit məkanı kimi regionda böyük əhəmiyyətə malikdir. İki ölkə arasında bu kimi sahələrdə əməkdaşlıq etmək üçün Azərbaycanın geniş imkanları var”.

Forumda çərçivəsində Monako iqtisadiyyatına dair videoçarx nümayiş olunub. Biznes forum iş adamları arasında iqtisadi əlaqələrin, əməkdaşlıq perspektivlərinin müzakirəsi və ikitərəfli görüşlərlə davam edib.

Son xəbərlər

Orphus sistemi