Yuxarı

​Bakıda Azərbaycan-İspaniya biznes-forumu keçirilib

Azərbaycanın tekstil sektorunda tanınmış ispan brendlərinin regional istehsal müəssisələrinin qurulması təklif olunur

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes-forumu keçirilib.

“Report” xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və İspaniya tərəfindən sənaye, metallurgiya, nəqliyyat, maliyyə, energetika, tikinti, kənd təsərrüfatı məhsullarının emalı, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İspaniya arasında müxtəlif sahələrdə əlaqələr uğurla davam edir: “İki il əvvəl İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallonun Azərbaycana səfəri çərçivəsində keçirilən biznes forumun, habelə iqtisadi sahədə mühüm sənədlərdən hesab olunan ikiqat vergitutmanın aradan qaldırılması haqqında imzalanan sazişin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük əhəmiyyəti olub. Ölkəmizdə biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, sahibkarlıq fəaliyyəti genişləndirilib. Qeyri-neft sektorunun bir sıra sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Azərbaycan və İspaniya qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı, sənaye parklarına, aqroparklara ispaniyalı investorlarının cəlb edilməsi, tekstil sektorunda tanınmış ispan brendlərinin Azərbaycanda regional istehsal müəssisələrinin qurulması, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlıq edə bilərlər. İspan şirkətlərini Azərbaycanda yaradılan əlverişli biznes mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə əməkdaşlığı genişləndirməyə dəvət edirəm”.

İspaniyanın xarici işlər naziri X.M.Qarsia-Marqallo çıxışında bildirib ki, bu, Azərbaycana ikinci səfəri çərçivəsində ölkədə iqtisadiyyatın sürətlə inkişaf etməsinin şahıdı olub: “Bu iki il ərzində Azərbaycanda böyük dəyişikliklər var. Bu görüşün əsas məqsədi odur ki, Azərbaycanda şirkətlərimizin sayını artırmaq və onları birgə əməkdaşlığa cəlb etməkdir. Hazırda Avropa İttifaqı böyük böhranla üzləşib. Bizim şirkətlər Azərbaycanda turizm, neft-qaz, sənaye və digər sahələrlə ciddi maraqlanır. Biz dünyadakı böhranın qarşısını almaq üçün bütün dünya üçün vahid valyutanın olmasını təklif edirik. Bundan başqa, Avropa üzrə vahid nəzarət sisteminin yaradılması effektiv nəticə verə bilər. ispaniyada bütün Avropa ölkələri kimi baş verən böhrandan zərər çəkib. Lakin bu təsirin nəticəsi olmadı. İspaniya dünyada ən sürətlə inkişaf edən 4-cü ölkədir. Bu da Böyük Britaniya, Fransa və İtalyadan yüksək göstəricidir. İş yerlərinin sayı da 2004-2015-ci illərdə xeyli artıb”.

Tədbirdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarından danışıb: “Azərbaycan iqtisadiyyatı çox gəncdir. Ölkəmiz 10 illik dövrdə qeyri-neft sektorunda 50 dövlətlə sıx əlaqə yaradıb. Bunun sayəsində biz MDB ölkələri arasında stabil iqtisadiyyata malik ölkələrdən biriyik. Hazırda Şimal-Cənub dəhlizi üzərində işlər aparılır. İranla sıx əməkdaşlığa başlamışıq. Azərbaycanın indi rəqabətə davamlı iqtisadiyyatı var. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda vergi yükü çox deyil. Xarici şirkətlərin ölkəmizə investisiya yatırması üçün geniş şərait yaradılıb”.

İspaniya Ticarət Palatasının direktoru Alfredo Bonetin və İspaniya İşəgötürənlər və Sənaye Palatasının vitse-prezidenti Xose Visente Qonzales Peresin İspaniyanın biznes və investisiya mühitinə dair təqdimatlarla çıxış ediblər.

Forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi