Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi müzakirə edilib

    Azərbaycanın iqtisadiyyat naziri İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb© İqtisadiyyat Nazirliyi

    Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb.

    İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, son üç ildə yüksək səviyyəli 8 görüş, 40-dan çox sənəd imzalanıb, 30 işgüzar tədbir keçirilib: "Bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İranın Ərdəbil və Urmiya vilayətlərinə səfəri çərçivəsində İranın regionları ilə əməkdaşlıq geniş müzakirə edilib. Bu məqsədlə bir sıra ikitərəfli görüşlər, biznes forumlar keçirilib, 4 anlaşma memorandumu imzalanıb. Səhiyyə, maliyyə, bank, nəqliyyat, ticarət sahələrində mövcud əlaqələr və əməkdaşlıq genişləndirilib. Ötən ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70%-dək artıb. Hazırda Azərbaycanda fəaliyyət göstərən 500-dən çox İran şirkəti Azərbaycanda yaradılan əlverişli biznes imkanlarından yararlanmaqla uğurla fəaliyyət göstərir".

    M.Vaezi son zamanlar iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb: "İran nümayəndə heyətinin Azərbaycana növbəti səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr əlaqələrin inkişafına töhfə verəcək".

    Görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsinə, hazırda iki ölkə arasında birgə reallaşdırılan layihələrə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi