Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçirilib

    İclasın sonunda iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə protokol imzalanıb

    Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın IV iclası keçirilib.

    İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, tədbirdə Qarışıq Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Çexiyanın sənaye və ticarət nazirinin müavini Jiri Koliba, eləcə də hər iki tərəfdən komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak ediblər.

    İclasda çıxış edən S.Babayev bildirib ki, Azərbaycan və Çexiya strateji tərəfdaşlardır: "Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf edib. İndiyədək ölkələrimiz arasında 40-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 25 sənəd imzalanıb. Çexiya şirkətləri dəyəri 1,6 mlrd. manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, Çex şirkətlərinin Azərbaycandakı sənaye parklarında və aqroparklarda yaradılan əlverişli imkanlardan yararlanmaqla, ölkəmizə investisiya yatırması, bu sahədə təcrübə mübadiləsi üçün böyük imkanlar var. Çexiya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə bilər. Çex şirkətlərini Ələtdə yaradılacaq XİZ-ə investisiya yatırmağa dəvət edirəm. Bundan başqa, Azərbaycanın Çexiyaya ixrac missiyaları, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı infoturlar təşkil edilə bilər".

    Ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edən J.Koliba Komissiyanın iki ölkə arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

    İclasda komissiya üzvləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.

    Toplantının sonunda Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın IV iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - S.Babayev və J.Koliba imzalayıblar. Protokola əsasən, ticarət, investisiya qoyuluşu, sənaye, maliyyə, nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, təhsil, elm və texnologiya, əmək, məşğulluq, sosial müdafiə, mədəniyyət və turizm sahələrində əməkdaşlığın davam etdirməsi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi