Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

    Bu il Azərbaycanın xarici ticarət dövriyyəsinin 43%-i Avropa İttifaqının payına düşüb

    Bakı. 18 may. REPORT.AZ/ Bu gün “ADA” Universitetində II Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib.

    "Report" xəbər verir ki, İqtisadiyyat Nazirliyi, “ADA” Universiteti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), “East Invest” təşkilatı, Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, Aİ ölkələri və Azərbaycandan qida, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm, konsaltinq və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müvafiq olaraq 70 və 300-dən çox iş adamı iştirak edib.

    Forumda çıxış edən xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev iş adamlarının iştirakı ilə keçirilən belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, ölkə iqtisadiyyatının tanıdılması baxımından əhəmiyyətini qeyd edib. Azərbaycan və Aİ ölkələri arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini, “ADA” Universitetinin Aİ-nin təhsil müəssisələri ilə uğurla əməkdaşlıq etdiyini qeyd edib.

    İqtisadiyyat naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Aİ ilə davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu münasibətlərin əsası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. 2009-cu ildə Azərbaycanın qoşulduğu Şərq Tərəfdaşlığı Təşəbbüsü, viza və readmissiya haqqında sazişlərin imzalanması, həmçinin enerji sahəsində əməkdaşlıq Aİ ilə əlaqələrin daha da genişlənməsinə zəmin yaradıb. Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu diqqətə çatdıran Ş.Mustafayev ötən il Birlik ölkələri ilə ticarət dövriyyəsinin ümumi xarici ticarətdəki payının 47%, 2016-cı ilin I rübündə isə 43% olduğunu vurğulayıb. Son 10 ildə Aİ ölkələrinin Azərbaycanda əsas kapitala və qeyri-neft sektoruna birbaşa investisiyalarının ümumi xarici investisiyalarda payı müvafiq olaraq 45,6% və 35% olub. Aİ-nin 23 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya, 2 ölkə ilə işçi qrupu yaradılıb. 

    "2012-ci ildən indiyədək Aİ ölkələri ilə 100-ə yaxın biznes-forum və müxtəlif tədbirlər təşkil edilib. Dünən Niderlandla keçirilən biznes-forumda sənaye parkları, elmi araşdırma, İKT startap, aqrobiznes xidmətləri, təşviqat sahələrində 5 memorandum imzalanıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır və bu sahədə Azərbaycan-Aİ əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir və bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilib", - deyə nazir əlavə edib.

    BTC-nin Azərbaycan və Aİ arasında əlaqlərin inkişafında əhəmiyyətini diqqətə çatdıran Ş.Mustafayev dünən Yunanıstanda təməli qoyulmuş TAP layihəsinin də əməkdaşlığa daha bir nümunə olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan ilə Aİ ölkələri investisiya, tranzit, turizm, İKT, maliyyə, əczaçılıq və tibb avadanlıqlarının istehsalı, ətraf mühitin mühafizəsi sahələrində, qeyri-neft məhsullarının istehsalı, qablaşdırılması və ixracı və s. sahələrdə əməkdaşlıq edə bilər.

    Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard tərəflər arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

    Almaniya-Azərbaycan Xarici Ticarət Palatası İdarə Heyətinin sədri Samir Axundov çıxışında iş adamları arasında əlaqələrin genişləndirilməsi baxımından biznes-forum və işgüzar görüşlərin əhəmiyyətindən danışıb.

    Niderland Parlamentinin keçmiş senatoru, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene van der Linden isə çıxışında Azərbaycanın sürətlə inkişaf etdiyini, ötən müddət ərzində xeyli dəyişdiyini vurğulayaraq stabilliyi ilə seçilən, sülməramlı təkliflərə daim dəstək verən Azərbaycanın parlaq gələcəyi olduğunu qeyd edib.

    Forumda Avropa Ticarət Palataları Prezidentliyinin üzvü Georgi Stoyev, Şərq Qonşuluğunda Regional Proqramlar Bölməsinin rəhbəri Vassilis Maraqos da çıxış ediblər.

    Tədbir çərçivəsində kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, turizm sahələrində imkanlar, Azərbaycanda biznes imkanları mövzularında panel iclaslar, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi