Yuxarı

​Bakı qəsəbələrində yeni sənaye müəssisələri istifadəyə verilib

Xəzər rayonunun Şüvəlan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

“Report” nazirliyə istinadən məlumat verir ki, fevralın 27-də bu istiqamətdə növbəti tədbir - Xəzər rayonunun Şüvəlan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Xəzər rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik həcmli istixana və zeytunçuluq təsərrüfatlarının, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1000-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 214,4 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 6800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 26 sahibkara 1,3 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, qapı-pəncərə, mebel istehsalı sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 743 sahibkara 25,5 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Xəzər rayonunun Binə qəsəbəsində güzəştli kredit ayrılmış müasir texnologiyaların tətbiqinə əsaslanan qida sənayesi avadanlıqları istehsal edən müəssisənin fəaliyyətinə baxış keçirilib. Bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 mln. manat güzəştli kredit verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi