Yuxarı

"Bakcell" və "Unibank" “ALBUKART”ı təqdim edib

Müştərilər kartı “Bakcell”in Müştəri Xidməti mərkəzindən və ya “Unibank”ın filiallarından şəxsiyyət vəsiqələrini təqdim etmədən əldə edə bilərlər

Bakı. 16 fevral. REPORT.AZ/ "Bakcell" şirkəti və "Unibank" yeni eksklüziv "ALBUKART" adsız debet kartını istifadəyə verib.

"Report" xəbər verir ki, bu yeni kartın istifadəyə verilməsində məqsəd hansı mobil operatorun abunəçisi olmalarından asılı olmayaraq, müştərilərə nadir fürsətlərdən və bonus proqramlarından faydalanmaq imkanı yaratmaqdır.

"Eyni zamanda, bu, müxtəlif satış nöqtələrində dərhal əldə oluna bilən, sözün həqiqi mənasında ilk anonim plastik kartdır. "Bakcell" şirkətinin təklif etdiyi bonuslardan faydalanmaq üçün "ALBUKART" yalnız "Bakcell" nömrəsinə qoşulmalıdır"-,"Bakcell" şirkətindən bildirilib.

"Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib ki, şirkət Azərbaycanda ilk dəfə olaraq bu təklifi irəli sürməkdən məmnunluq duyur.

"ALBUKART bizim dəyərli müştərilərimiz üçün saysız-hesabsız imkanlar yaradacaq və öz vaxtlarına və pullarına qənaət etməkdə onlara kömək edəcək. İnanırıq ki, abunəçilərimiz “Bakcell”in "Unibank" və Ulduzum tərəfdaşları ilə əməkdaşlığının nəticələrindən faydalana biləcəklər. Çünki tərəfdaşlarımızla birlikdə bizim bir əsas məqsədimiz var – abunəçilərimizin həyatını daha da asanlaşdırmaq və onlar üçün daha sərfəli şərtlər təmin etmək”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Gündəlik xərclər üçün nəzərdə tutulan bu kart müştərilərə öz balanslarını artırmağa, mağazalarda ödəniş etməyə, istənilən yerdə istifadə edərkən öz mobil nömrəsinə bonus dəqiqələr qazanmağa, onlayn ödənişlər həyata keçirməyə və onu adi plastik kart kimi istifadə etməyə imkan verəcək. Bununla yanaşı, istifadəçilər “Unibank”ın istənilən filialında və real zaman rejimində işləyən “cash-in” tipli bankomatların, eləcə də bütün ölkə ərazisində işləyən Unibank tərəfdaşlarının ödəmə terminalları vasitəsilə kartın balansına vəsait yükləyə biləcəklər.

“Unibank”ın baş icraçı direktoru Xalid Əhədov qeyd edib ki, müştərilərin gözləntilərini təmin etməklə, "Unibank" müştəri təcrübəsini daha da yaxşılaşdırmaq üçün daim yeni texnoloji yollar axtarır.

"Yüksək xidmət keyfiyyəti və müştərilərimizin artan tələbatları üçün geniş çeşidli məhsulların təmin olunması bankımızın fəaliyyətində ən yüksək əhəmiyyət kəsb edən amillərdir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, ALBUKART ölkəmizin kart biznesi tarixində yeni bir fəsildir. Bu yeni fəsli Bakcell ilə birgə tərəfdaşlıq çərçivəsində açmağımıza çox şadam. ALBUKART ölkəmizdə bankçılıq və telekommunikasiya sahələrində mövcud olan ən qabaqcıl bilik və təcrübələri birləşdirən bir məhsul kimi müştərilərimiz üçün uğurlu olacaq”, - deyə “Unibank”ın baş icraçı direktoru cənab Xalid Əhədov bildirib.

Müştərilər “ALBUKART”ı “Bakcell”in istənilən Müştəri Xidməti mərkəzindən və ya “Unibank”ın filiallarından şəxsiyyət vəsiqələrini təqdim etmədən əldə edə bilərlər.

"Bakcell" abunəçiləri “ALBUKART”dan ilk dəfə istifadə etdikləri zaman şəbəkədaxili zənglər üçün 10 dəqiqə pulsuz danışıq hədiyyə alırlar. Müştərilər öz kartlarından hər dəfə 10 AZN məbləğində xərclədikdə isə 5 dəqiqə pulsuz danışıq imkanı qazanırlar. Bonus dəqiqələrini almaq üçün qazanılan dəqiqələrin kodunu cavab SMS-iolaraq göndərmək lazımdır.

"Yeni məhsul gündəlik xırda - istənilən ödənişlərdə istifadə etmək üçün nəzərdə tutulmuş, asan əldə olunan pulsuz adsız kartdır.

Müştərilər "Bakcell" və "Unibank" tərəfindən təqdim olunan müxtəlif xidmət və təkliflərdənfaydalana biləcəklər: "ALBUKART" vasitəsilə ödəniş edərkən Ulduzum kodunu Ulduzum tərəfdaşlarına təqdim etmədən avtomatik olaraq Ulduzum endirimləri, habelə standart kredit və debet kartları üçün Unibank tərəfindən təklif olunan sərfəli güzəştlər qazanacaq, bank tərəfindən keçirilən müxtəlif kampaniyalarda iştirak və karta yüklənmiş məbləğlərə hesablanan 6% illik depozit faizi qazanmaq imkanı əldə edəcəklər.

Kartı aktivləşdirmək üçün istənilən bankomatda kartın PİN kodunu daxil etməli və ödəmə terminalından kartın balansına vəsait yüklənilməlidir.

Hər bir "ALBUKART" sahibi “Unibank”ın təmin etdiyi bir neçə üstünlüklərdən faydalana bilər. Onlar “Unibank”ın VISA Gold və MasterCard Gold debet kartlarını 70%, VISA Platinum və MasterCard Platinum debet kartlarını isə 50% endirimlə əldə etmək, eləcə də qiymətli hədiyyə və mükafatlar oynanılan lotereyalarda iştirak etmək fürsəti qazanırlar", - deyə şirkətdən qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi