Azexport portalına sifarişlər 20%-dən çox artıb

Azexport portalına sifarişlər 20%-dən çox artıb Bu ilin yanvar-aprel aylarında Azexport portalına 209,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Biznes
1 İyun , 2020 12:40
Azexport portalına sifarişlər 20%-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azexport portalına 209,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ilin aprel ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 61,5 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 20,8% artıb.

Bu ilin aprel ayında Azexport portalına ən çox ixrac sifarişi pomidor, toyuq yumurtası, badımcan, kartof, qoyun yunu, soğan, pambıq yağı, kələm, bal, göbələk, tütün, şərab, tikinti materialı, meyvə şirəsi, alma, mühərrik yağı, sarımsaq, konservləşdirilmiş tərəvəz, qənnadı məhsulu, metal konstruksiya, yer kökü, çay, buğda unu, uşaq bezi və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinə kimi (40 ay ərzində) Azexport portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 794 milyon ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,4 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

Son xəbərlər

Orphus sistemi