Yuxarı

"Azərxalça" bazardakı rəqabətə tab gətirə bilmir

Azərxalça Elmi Yaradıcılıq İstehsalat Birliyi çökmək üzrədir

Bakı. 31 mart. REPORT.AZ/ "Azərbaycanın qədim və ənənəvi sənət sahəsi sayılan xalçaçılıqda böyük durğunluq yaşanır. Özəlləşdirmənin bu sahədə tətbiq olunması nəticəsində "Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin (İB) təxminən 80%-dən artıq hissəsi dövlət nəzarətindən çıxıb. Bu da xalq tətbiqi sənətinin bir əldə, bir mərkəzdən əlaqələndirilməsi şəraitində labüdlüyünə çox zərər vurur". Bunu "Report"a "Azərxalça" İB-nin baş direktoru Əlisəfa Nuriyev bildirib.

Onun sözlərinə görə, özəlləşən sahədə rəqabət və inkişaf olur. Amma xalçaçılıq sahəsində sağlam rəqabət yoxdur: "Çünki bu sahənin hər zaman dövlətin qayğısına ehtiyacı var. Onu boş buraxanda kommersiya sektoruna çevrilir, kommersiya sektorunda isə xalq sənəti yaşamır. Hazırkı gedişat da göstərir ki, gənclərin də buna marağı yoxdur. Onları bir yerə toplayıb birgə yönəltmə olmadıqda, onu ayrı sektorlara, kommersiya strukturlarına yönəldəndə nəticə acınacaqlı olur".

O, bu qədim xalq sənətinə ən çox təsir edən amillərdən birinin də yerli xalçaların Çin, Pakistan, Hindistanda saxtasının toxunması və dəfələrlə ucuz satılması ilə bağlı olduğunu hesab edir. Ə.Nuriyev belə rəqabətə davam gətirməyin mümkün olmadığını düşünür: "Bu xalçalar dünya və Azərbaycan bazarına çıxarılır. O qədər saxta xalça var ki, ucuz olduğu üçün insanlar da onlara meyl göstərir. Odur ki, bu rəqabətinin qarşısında tab gətirmək mümkün deyil".

Qeyd edilənlərlə yanaşı, tələbatın xeyli azalması, o cümlədən alternativlərin çoxalması da "Azərxalça"nın işini tamamilə iflic edib. "Məsələn, kompüterlə təhciz edilmiş avadanlıqlarla toxunan xalçalar var ki, göz oxşayırlar. Lakin, onlar əl işi deyil, onların əksəriyyəti təbii boyaqlardan, liflərdən çox uzaqdır, süni materiallardan istifadə olunur, həmçinin insan səhhətinə zərərlidir və xüsusilə də alternativ yaranmış xalçalar sənət əsəri kimi yaradılmış xalçaların süqutuna gətirib çıxarır".

"Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin baş direktoru müəssisənin hazırda istehsal prosesində istifadədə İran ipinə möhtac qaldığını da etiraf edib: "Əvvəllər kombinat üçün avadanlıq alınmışdır. Amma özəlləşdirmədən sonra bu avadanlıqlar da özəl tərəfə keçib və onlar da bu qurğuları işlədə bilmədilər, həmçinin o şirkət özünü bazarda da doğrulda bilmədi və fəaliyyətini dayandırıb. Biz həmin avadanlıq vasitəsilə xalçalar üçün ip hazırlayırdıq. Lakin indi İrandan alırıq, onlar da hər dəfə qiymətləri qaldırır. Getdikcə bu tendensiya xarakteri alır. Ölkədə yun bolluğu olsa da, o hər xalça üçün münasib olmur. Halbuki bizdə olan avadanlıq sayəsində əldə etdiyimiz iplər təkcə öz tələbatımızı deyil, ölkədəli digər istehsalşıların da tələbatını ödəyir".

Ə.Nuriyev həmçinin qeyd edib ki, xalçaların qiyməti də xeyli ucuzlaşıb və bu amil İB-nin gəlirlərinə mənfi təsir göstərir: "Məsələn, xalça istehsalı əvvəl ildə 1 min kv. metr təşkil edirsə, indi bu, bir neçə yüz kvadratla ölçülür". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi