Aprelin 4-də Rusiya Federasiyası sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında biznes forumu keçiriləcək.
“Report” hökumətdəki mənbələrə istinadən xəbər verir ki, biznes forum çərçivəsində üç sənədin imzalanması gözlənilir. Belə ki, Sumqayıt Texnologiyalar Parkı ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, “AzOkso” ilə “Serviceİnvest” arasında hasarlama sistemlərinin qurulmasına dair anlaşma memorandumu, həmçinin “AzOkso” ilə Avtomobil Yolları Dövlət Agentliyi arasında saziş imzalanacaq.
Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollara yaxın, Azərbaycan isə qonşu ölkənin iqtisadiyyatına 1 milyard dollardan artıq sərmayə yatırıb.
Hazırda Azərbaycanda 450-dən artıq Rusiya ilə müştərək müəssisə və 300-ə yaxın 100 faiz Rusiya kapitalı olan müəssisə fəaliyyət göstərir.
İlahə Məmmədli