Azərbaycanla Kolumbiya arasındakı iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə etmək üçün yaxın vaxtlarda Kolumbiya xarici işlər nazirinin müavini Luz Stella Xara Portillanın Bakıya səfəri nəzərdə tutulur.
Bunu “Report”a Azərbaycanın Kolumbiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Həsən Zeynalov bildirib.
“Xarici İşlər Nazirlikləri səviyyəsindəki məsləhətləşmələr zamanı iki ölkə arasında biznes forumunun keçirilməsi, ixrac-idxal əməliyyatlarının artırılması, turist axınının böyüməsi kimi bir sıra məsələlər müzakirə olunacaq. Gələcəkdə həmçinin ölkələrimiz arasında ticarət palatası da yaradıla bilər”, - deyən diplomat aprelin 3-5-də Kolumbiyada keçiriləcək biznes forumunun iki ölkənin iş adamları arasında təmasların artması baxımdan səmərəli olacağını dilə gətirib.
Qarşıdakı biznes forumuna azərbaycanlı iş adamları tərəfindən ərizələrin gəlməməsini iki ölkə arasında iqtisadi əlaqələrin hələləik zəif olmasına dəlalət kimi dəyərləndirən müvəqqəti işlər vəkili Azərbaycanın Kolumbiyadan qəhvə, meyvələr, ət, güllər, qızıl, zümrüd, dəri məmulatları idxal edərək bu ölkəyə çay, şərablar, quru meyvələr, ipək məmulatları, tekstil, xalçalar ixrac etməsi üçün geniş imkanların mövcud olduğunu da qeyd edib.
“Azərbaycan hab rolunu oynaya bilər. Kolumbiya öz məhsullarını Azərbaycana, oradan da Ələt azad iqtisadi zonası vasitəsilə Mərkəzi Asiya ölkələrinə, İrana ixrac etməksə maraqlıdır. Azərbaycan da Kolumbiya vasitəsilə başqa Cənubi Amerika ölkələrinin bazarına çıxış əldə edə bilər”, - deyə H.Zeynalov qeyd edib.
İlahə Məmmədli