Yuxarı
    Bağlamaq

    Azərbaycanla İran arasındakı gömrük-sərhəd keçid məntəqələrindən birinin iş vaxtı 4 saat artırılacaq

    Urmiya şəhərində keçirilmiş görüşdə Şahtaxtı-Poldəştməntəqəsinin iş vaxtının 12 saatdan 16 saata çatdırılması qərara alınıb© Customs.gov.az

    Bakı. 6 iyul. REPORT.AZ/ Urmiya şəhərində İran və Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşü keçirilib. 

    Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, Azərbaycan nümayəndə heyəti görüşdən əvvəl İranın Qərbi Azərbaycan Vilayətinin valisi Qurbanəli Səadət ilə bir araya gəlir. Görüşdə isə İran tərəfdən Qərbi və Şərqi Azərbaycan vilayətləri gömrüklərinin rəisləri, rəis müavinləri, Biləsuvar, Astara, Ərdəbil, Culfa, və Poldəşt gömrük idarələrinin rəisləri, Urmiya Yol İdarəsinin tranzit məsələləri şöbəsinin müdiri və digər məsul şəxslər iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin tərkibində isə DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov, Astara, Culfa, Şahtaxtı gömrük idarələrinin rəisləri, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, "Naxçıvanterminalkompleks" Birliyinin rəisi və digər məsul əməkdaşlar yer alıblar.

    Qərbi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Pərviz Təqəvi gömrük xidməti nümayəndələri arasında keçirilən müştərək görüşlərin qarşılıqlı olaraq gömrük orqanlarının fəaliyyətinin daha da yaxşılaşdırılması, prosedurların sadələşdirilməsi və asanlaşdırılması istiqamətində müzakirələrin aparılması və mövcud çətinliklərin aradan qaldırılması yollarının tapılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

    Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Məmmədov iki ölkə arasında ticarətin həcminin artırılması, beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin, o cümlədən digər gömrük orqanlarının fəaliyyətinin arzuolunan səviyyəyə çatdırılması, tranzit imkanların maksimum dəyərləndirilməsi, avtonəqliyyat vasitələrinin keçidi zamanı yaranan problemlərin aradan qaldırılması, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsi naminə işlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.

    Sonra İran gömrüyündə üç ildir tətbiq edilən "bir pəncərə" prinsipi ilə bağlı təqdimat olub. Qeyd olunub ki, bu sistem üzərindən 22 dövlət təşkilatının onlayn qaydada birgə fəaliyyəti təmin edilib.

    Görüşdə hər iki tərəfdən gömrük idarələri rəislərinin iştirakı ilə qarşılıqlı şəkildə keçidin daha da sadələşdirilməsi və asanlaşdırılması, ticarət əməliyyatlarının və tranzitin artırılması istiqamətində müzakirələr aparılıb.

    Tərəflər Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin iş vaxtının 12 saatdan 16 saata çatdırılması, avtonəqliyyat vasitələrinin gömrük sərhədində yubanması hallarının qarşısının alınması, sığorta işinin səmərəli təşkili, gömrük nəzarətinin "bir dayanacaq" prinsipi əsasında həyata keçirilməsi, xüsusən də minik avtonəqliyyat vasitələri üçün gömrük-sərhəd buraxılış məntəqələrində tələb olunan sənəd və ödənişlər barədə əvvəlcədən elektron qaydada məlumat verilməsi imkanlarının dəyərləndirilməsi və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər.

    Hər iki tərəf gömrük prosedurlarının asanlaşdırlması və sadələşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.

    Görüşdə İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrom gömrük idarələri arasındakı əlaqələrin koordinasiyası üçün hər iki ölkədə gömrük katibliyinin yaradılmasını, Türkiyə Gömrük Xidməti nümayəndələrinin də iştirakı ilə üçtərəfli formatda görüşlərin təşkil olunmasını təklif edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi