Azərbaycanla Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub Azərbayca səfiri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya ilə görüşüb
Biznes
8 Fevral , 2017 17:17
Azərbaycanla Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi. 8 fevral. REPORT.AZ/ “Gürcüstan strateji tərəfdaşı olan Azərbaycan ilə əlaqələrin bütün sahələr üzrə inkişafına xüsusi əhəmiyyət verir”.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla görüşdə bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya bildirib.

Nazir ölkəsindəki investisiya mühiti, sahibkarlar üçün yaradılan şərait, azad ticarət zonaları, yeni sənaye obyektləri, xarici ölkələrlə ticarət dövriyyəsi, yeni iqtisadi layihələr və bu layihələrdə birgə iştirak imkanlarından danışıb. O, Azərbaycanda sənayenin inkişafı istiqamətində həyata keçirilən siyasətin ölkəsində böyük maraq doğurduğunu vurğulayıb. G.Qaxariya Azərbaycanın müvafiq təcrübəsindən yararlanmağın Gürcüstan üçün əhəmiyyətini qeyd edib, bu sahədə təcrübə mübadiləsinin zəruriliyini bildirib. İki ölkə arasında ticarət dövriyyəsində azalmanın müşahidə olunduğunu qeyd edən nazir, bu yöndə müvafiq işlərin görülməsinin zəruri olduğunu bildirib.

D.Həsənov strateji tərəfdaş və dost ölkə olan Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün konkret sahələr üzrə müvafiq işçi qruplarının yaradılmasını təklif edib. O bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə yatırımlarında 37 faizlik payı ilə birinci yerdədir: “Azərbaycan, bu rəqəmin artmasında maraqlıdır”. Səfir, eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə formatında görüşlərin, görülən işlərin artıq böyük müsbət nəticələr verdiyini, bu istiqamətdə də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Sonra görüşdə Hökumətlərarası Komissiyanın iclaslarının təşkili, kənd təsərrüfatı, xüsusən də, ət və süd məhsullarının dünya bazarlarında birgə satış imkanları, birgə müəssisələrin yaradılması, turizm əlaqələrinin inkişafı, bununla əlaqədar olaraq Avropa ölkələrində birgə sərgilərin keçirilməsi, yeni sənaye məhsullarının istehsalında Azərbaycan və Gürcüstan sahibkarlarının iştirakı, Cənub- Şimal nəqliyyat dəhlizində Gürcüstanın da iştirakı və s məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi