Yuxarı

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfə azalıb

Ticarət dövriyyəsinin 41%-i Avropa İttifaqı, 12%-i MDB ölkələri ilə aparılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12 133,6 mln. ABŞ dolları təşkil edib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 23,9% azalıb.

Cari ilin yanvar-iyul aylarında ixracın dəyəri 7 376,3 mln. dollar, idxalın dəyəri 4 757,3 mln. dollar təşkil olub, nəticədə 2 619,0 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Beləliklə, illik müqayisədə ixracda 30,7%, idxalda 10,3% azalma qeydə alınıb. Ticarət dövriyyəsinin müsbət saldosunda isə azalma daha kəskin - 2 dəfə olub.

Ticarət dövriyyəsinin 41,2%-i Avropa İttifaqı, 12,2%-i MDB ölkələri, 46,6%-i isə digər dövlətlərin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 167 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 157 ölkədən idxal olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi