​Azərbaycanın xarici ticarət dövriyyəsi 2014-cü ildə 9% azalıb

​Azərbaycanın xarici ticarət dövriyyəsi 2014-cü ildə 9% azalıb Ötən il ixracın həcmi 8%, idxal isə 14% azalıb
Biznes
12 Fevral , 2015 10:48
​Azərbaycanın xarici ticarət dövriyyəsi 2014-cü ildə 9% azalıb

Bakı. 12 fevral REPORT.AZ/ Ötən il Azərbaycandan qeyri-neft məhsullarının ixracının əhalinin adambaşına həcmi əvvəlki 2013-cü illə müqayisədə 4,77% və ya 9,1 dollar azalaraq 181,6 ABŞ dollarına bərabər olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə, ötən il ölkədən qeyri-neft məhsullarının ixracı 1,7 mlrd. dollar təşkil edib, 2013-cü ildə isə bu göstərici 1,773 mlrd. dollar olub.

Hesabat ilində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 2013-cü illə müqayisədə 9,2% azalaraq 39,5 mlrd. dollar təşkil edib. O cümlədən, ixracın həcmi 7,62% azalaraq 30,3 mlrd. dollar, idxalın həcmi 14,02% azalaraq 9,2 mlrd. dollar olub. Nəticədə, xarici ticarət dövriyyəsində 21,1 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da əvvəlki illə müqayisədə 4,53% azdır.

Ötən il ərzində ixrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan rezidentləri 150 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə əmtəə ixrac, 137 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləridir.

Son xəbərlər

Orphus sistemi